Gürcüstanda bir neçə gün yağan leysan yağışlar soydaşlarımıza ziyan verməyib

Gürcüstanda bir neçə gün yağan leysan yağışlar soydaşlarımıza ziyan verməyib
# 20 aprel 2010 18:38 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Bir neçə gün yağan leysan yağışlar Gürcaani rayonunun gürcülər yaşayan kəndlərinə ciddi ziyan vurub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Axtalisxevi çayı öz məcrasından çıxaraq Tiflis-Gürcaani-Laqodexi yolunu iflic vəziyyətinə salıb. Gürcaani şəhərinin küçələrini sel suları altına alıb.

Evlərin birinci mərtəbələrinə su dolub, toyuq-cücə, mal-qara boğulub, küplərdə saxlanılan çaxır içkiləri məhv olub, əhalinin ərzaq məhsulları selin altında qalıb. Təbii fəlakət yerində xilasedicilər çalışır, evləri sel-sularından azad etməyə cəhd edirlər. Dövlət strukturları dəymiş ziyanı hesablamağa çalışırlar.

Laqodexi rayonunun Qabal kənd icra nümayəndəsi Camal Niyazov APA-ya müsahibəsində bildirib ki, bu dəfə leysan yağışlar soydaşlarımızdan yan keçib: “Çox şükürlər olsun ki, bu dəfə yağan yağışlar bizə ziyan verməyib. İndi Qabal çayından Uzuntala kəndinə ayrılan qolun möhkəmləndirilməsi üçün lazımi işlər görürük. Bəndlər qurulur. Təbii fəlakət olan yerlərdə traktorlar işləyir, arxlar təmizlənir. Hələlik təhlükə bizdən uzaqdadır.”

Xatırladaq ki, keçən ilin noyabr ayının sonunda Laqodexidə soydaşlarımızın yaşadığı 4 kənd fəlakətlə üz-üzə qalmışdı. Uzuntala kəndində 80 evə sel suları dolub, 3 evi sel uçurub. Ümumiyyətlə, keçən ilin sonlarında Laqodexiyə 1 milyon yarım lari ziyan dəyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR