Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsi: “Eynulla Fətullayevlə bağlı işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik”

Azərbaycanın Avropa Məhkəməsi yanındakı nümayəndəsi: “Eynulla Fətullayevlə bağlı işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik”
# 22 aprel 2010 12:01 (UTC +04:00)
APA-nın Avropa bürosunun verdiyi məlumata görə, məhkəmənin qərarına əsasən E. Fətullayevin hüquqlarının pozulduğu bildirilir. Məhkəmə Azərbaycan hökumətinə 25 min avro cərimə kəsib və jurnalistin dərhal azadlığa buraxılması barədə qərar qəbul edib.

Qeyd olunub ki, məhkəmə “Gündəlik Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru olan Eynulla Fətullayevin fikir ifadə etmək azadlığı (Konvensiyanın 10-cu maddəsi), qərəzsiz məhkəmə araşdırması hüququ (Konvensiyanın 6-cı maddəsinin 1-ci paraqrafı) və təqsirsizlik prezumpsiyasının (Konvensiyanın 6-cı maddəsinin 2-ci paraqrafı) pozulması ilə əlaqədar şikayətlərinə mahiyyəti üzrə baxıb. Məhkəmə Fətullayevin “Gündəlik Azərbaycan” qəzetində çap edilmiş iki müxtəlif məqaləsinə və internet forumunda işlətdiyi bəzi ifadələrinə görə böhtan, terrorçuluqla hədələmə və irqi düşmənçiliyin salınması kimi cinayətlərlə məhkum edilib 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsinin Konvensiyanın müddəalarını pozduğu qənaətinə gəlib.

Bununla əlaqədar Məhkəmə yazılan məqalələrin birində yazılan məlumatların həqiqi olub-olmamasına qiymət verməyərək, eyni zamanda fikri ifadə etmək azadlığının demokratik cəmiyyətin nə qədər mühüm bir ünsürü olduğunu qeyd edib. Avropa Məhkəməsi öz araşdırması nəticəsində müəyyən edib ki, Azərbaycan milli məhkəmələri Eynulla Fətullayevi yuxarıda göstərilən cinayətlərlə məhkum edərkən öz qərarlarını kifayət qədər əsaslandırmayıb.

Xatırladaq ki, “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin sabiq baş redaktoru Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında xocalıları təhqir etməkdə günahlandırılıb və ona 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar olaraq ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb.

İş üzrə təyin edilmiş Məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E.Fətullayevdən götürülmüş qan və sidik nümunələrində diasetil-morfi (heroin), amfetaminil narkotik vasitələri və flunitrozepam-M psixotrop maddəsi aşkar edilib.

Hazırda jurnalistin işinə Qaradağ rayon Məhkəməsində baxılır.

Məsələyə Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da münasibət bildirib. Ç. Əsgərov deyib ki, Avropa Məhkəməsi öz qərarlarında Avropa Konvensiyasında təsbit edilmiş müxtəlif hüquq və azadlıqların pozulmasına dair şikayətlərə baxır: “Bu günə qədər Avropa Məhkəməsinin Azərbaycanla bağlı cəmi 21 yekun qərarında insan hüquq və azadlıqlarının pozulması müəyyən edilib. Bu qərarların əksəriyyətini Avropa Konvensiyasının 6-cı maddəsinin, yəni ədalətli məhkəmə baxışı hüququnun pozulması ilə bağlı qərarlar təşkil edir. Lakin bu o demək deyil ki, bütün bu işlərdə söhbət yalnız məhkəmə baxışı zamanı insanların prosessual hüquqlarının pozulmasından gedir”.

Ç. Əsgərov deyib ki, ölkə məhkəmələrinin çıxardığı qərarların icrası məsələsi də Avropa Konvensiyasının 6-cı maddəsi ilə əhatə olunur: “ Bu mənada, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində qaçqın və ya məcburi köçkün vəziyyətinə düşmüş şəxslər tərəfindən digər şəxslərin mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəmələrin çıxardığı qərarların icra edilməməsi ölkəmiz üçün müəyyən problem yaradıb. Lakin bildiyiniz kimi, son zamanlar qaçqınların və məcburi köçkünlərin yeni və müasir tələblərə cavab verən yaşayış yerləri ilə təmin edilməsi üçün çox işlər görülüb, yaxın zamanlarda bu sahədə məhkəmə qərarlarının icrası ilə bağlı bütün problemlər tamamilə aradan qaldırılacaq. Eyni zamanda qeyd etmək istərdim ki, Avropa Məhkəməsi bu işlərlə bağlı qəbul etdiyi qərarlarda şəxslərin pozulmuş hüquqlarını bərpa etmək üçün Azərbaycan hökumətinə bir neçə mümkün çıxış yolu tövsiyə edib. Ümumiyyətlə, Avropa Məhkəməsinin dövlətlərə bu cür göstərişlər verməsi olduqca mübahisəlidir. Avropa Məhkəməsi öz qərarlarında yalnız bu və ya digər hüququn pozulmasını müəyyən edir, Konvensiyaya əsasən Məhkəmənin qərarlarının icrasına nəzarət etməli orqan – Avropa Şurasının Nazirlər Komitəsi isə həmin pozuntuların aradan qaldırılması üçün tədbirləri müəyyən edir”.

Ç. Əsgərov Avropa Məhkəməsinin Eynulla Fətullayevin şikayəti ilə bağlı qərarı ilə bağlı deyib ki, Avropa Məhkəməsinin bu işlə bağlı qərarında cavabdeh dövlətin şikayətçinin dərhal azad olunmasını təmin etməli olduğu bildirilib: “Məsələnin bu cür qoyuluşu həm Avropa İnsan Hüquqları Konvensiyasının müddəaları, həm də Azərbaycanın qanunvericiliyi baxımından qəbuledilməzdir. Məlumdur ki, Avropa Konvensiyası suveren dövlətlər arasında bağlanmış çoxtərəfli beynəlxalq müqavilədir və ona görə də Konvensiya əsasında təsis olunmuş Avropa Məhkəməsi insan hüquq və azadlıqlarının müdafiəsində subsidiar, yəni əlavə mexanizm kimi çıxış edir. Başqa sözlə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi cavabdeh dövlətin məhkəmə, inzibati və digər orqanlarını əvəz edə və bununla da həmin dövlətin məhkəmələrinə münasibətdə yuxarı instansiya məhkəməsinə çevrilə bilməz. Avropa Məhkəməsinin qərarlarına müvafiq olaraq, hətta müəyyən bir işdə pozuntu müəyyən edilsə belə, onun qərarları başlıca olaraq deklarativ xarakter daşıyır, pozulmuş hüquqların bərpası üçün həyata keçirilməsi zəruri olan tədbirlərin seçilməsi isə ümumilikdə dövlətin vəzifəsidir.

Eyni zamanda qeyd olunmalıdır ki, bu ilin fevralında qəbul edilmiş İnterlaken Bəyannaməsində Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsini milli məhkəmələrin baxdığı və barəsində qərar çıxardığı faktlar və ya qanunvericilik məsələlərinə yenidən baxmaqdan çəkinməyə, Konvensiyanın təfsiri və tətbiqində öz subsidiar rolunu nəzərə almağa dəvət edib. Digər tərəfdən, Avropa Məhkəməsinin Fətullayevin işi ilə bağlı bu cür göstərişini icra etmək üçün Azərbaycan qanunvericiliyində müvafiq hüquqi əsas yoxdur. Hesab edirəm ki, həmin göstərişin Azərbaycan dövləti tərəfindən hansı vasitələrlə həyata keçirilməsi məsələsi Avropa Məhkəməsi tərəfindən öyrənilməyib. Avropa Məhkəməsi öyrənə bilərdi ki, ölkəmizin Cinayət-Prosessual Məcəlləsinə əsasən, Avropa Məhkəməsi tərəfindən insan hüquq və azadlıqları haqqında Konvensiyanın pozulması müəyyən edildikdə, bu məsələyə Ali Məhkəmənin Plenumunda baxıla bilər və iş yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərilə bilər. Məhkum edilmiş şəxsin sırf Avropa Məhkəməsinin qərarına əsasən azad edilməsi Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayıb.
Ümumiyyətlə, Avropa ölkələrində qəbul edilmiş təcrübəyə uyğun olaraq, Avropa Məhkəməsinin qərarları dövlətdaxili məhkəmələrində hüququn şərhi qismində tətbiq olunur. Bir sözlə, Avropa Məhkəməsinin bu və ya digər dövlətin məhkəmələrinə göstəriş verməsi əsassızdır və qəbul edilə bilməz. Pozulmuş hüquqların bərpasına yönəldilmiş tədbirlərlə bağlı dövlətə seçim qoymamaqla və Avropa Şurasının üzv-dövlətinin məhkəmələrinə göstəriş verməklə, Avropa Məhkəməsi özünü dördüncü məhkəmə instansiyasına çevirmiş və Konvensiya ilə ona verilmiş səlahiyyətlərini aşıb.
Məlum olduğu kimi, Avropa Məhkəməsinin qərarı elan edildiyi gündən üç ay müddətində işin Böyük Palataya baxılması üçün verilməsi barədə vəsatət təqdim edilmədiyi təqdirdə qüvvəyə minir. Qeyd etdiyim məsələləri nəzərə alaraq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın maraqlarını müdafiə etmək, habelə Konvensiyanın tətbiqində vahid praktikanı təmin etmək məqsədi ilə biz bu işi Avropa Məhkəməsinin Böyük Palatasına verəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR