Azərbaycanın Tovuz rayonunda baş verən yol qəzasında ölənlərin hər birinin ailəsinə 2000 manat veriləcək

Azərbaycanın Tovuz rayonunda baş verən yol qəzasında ölənlərin hər birinin ailəsinə 2000 manat veriləcək
# 22 aprel 2010 12:09 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Tovuz rayonunda aprelin 21-də baş vermiş ağır yol qəzasında ölən şəxslərin ailələrinin hər birinə 2000 manat veriləcək. Bu barədə APA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin Mətbuat katibliyinin rəhbəri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, “Sərnişinlərin məcburi sığortası haqqında” qanuna uyğun olaraq qəzada ölənlərin hər birinin ailəsinə “Qarant Sığorta” şirkəti tərəfindən 2000 manat vəsait ayrılıb. Qəzada ölən şəxslərin ailə üzvlərdən ayrılan pul vəsaitini “Qarant” sığorta şirkətinin mərkəzi ofisindən (Bakı şəhəri, Sarabiski küçəsi, 657 ünvanından) almaları xahiş olunur.

Qeyd edək ki, məlum qəza hadisəsi aprelin 21-də saat 07.20 radələrində Tovuz rayonunun Qovlar qəsəbəsi ərazisində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Bakıdan Qazax istiqamətində hərəkət edən, Goranboy rayon sakini Mahir Əliyevin idarə etdiyi "Mercedes" markalı avtobus, Tovuz rayon sakini Zirəddin Yusifovun idarə etdiyi "Mercedes" markalı mikroavtobusla toqquşub. Nəticədə, avtobus aşıb, 8 sərnişin - Nizami Hüseynov, Qazax rayon sakinləri Sevinc Omarova, Nuradə Abdullayeva, Elvin Abdullayev, Gürcüstan vətəndaşı Təhminə Qəmbərova, Türkiyə vətəndaşları Özan Bülent Kazım, Yardımçı Yaşar və Yardımçı Bora Yaşar oğlu hadisə yerində dünyasını dəyişiblər. Daha 12 sərnişin - Gürcüstan vətəndaşları Nadir Osmanov, Esmira Qurbanova, Məhəmməd Osmanov, Qazax rayon sakinləri Aksana Əliyeva, Məsmə Əliyeva, Fariz Qocayev, onun oğlu Fərid, Tovuz rayon sakinləri Qoşqar Mehmanov, Qafar Məsimov, Gəncə şəhər sakini Rzaqulu Məmmədov, Türkiyə vətəndaşları Zöhrə Yardımçı və onun oğlu Burat Yardımçı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlardan 10-nun vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırmalar aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR