ADNA-da baş verən terror hadisəsi ilə bağlı məhkəmədə zərərçəkənlər ifadə verib

ADNA-da baş verən terror hadisəsi ilə bağlı məhkəmədə zərərçəkənlər ifadə verib
# 03 may 2010 10:57 (UTC +04:00)
APA-nın xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər ifadə verib.

Zərərçəkmişlər - ADNA-nın “Qaz-neft və mədən” fakültəsinin tələbələri Elşən Mustafayev, Sudan vətəndaşı Muhəmməd Mustafa baş verən hadisə haqda danışıblar.

M. Mustafa deyi ki, hadisə baş verən zaman ikinci mərtəbədə olub: “Mənə atəş açandan sonra hiss etdim ki, yaralanmışam. Yenə də atəş açmasın deyə yerə yıxıldım və gözlərimi yumdum ki, məni ölmüş bilsin. Təxminən bu vəziyyətdə 20 dəqiqə qalandan sonra təcili yardım gəldi. Hadisədən sonra şikəst olmuşam, qol və ağız nahiyələrimdə ağrılar var. Qulaqlarım kar olub”.

Hadisə zamanı anası həlak olan “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin müxbiri Anar Əzizov ifadə verib. O bildirib ki, anası Tamella Əzizovanın yaralandığını eşidərək hadisə yerinə gəlib: “Neft Akademiyasında hadisə barədə xəbəri eşidəndən sonra anamın mobil telefonuna zəng etdim. Telefona anamın rəfiqəsi cavab verdi. Anamın yaralandığını və vəziyyətinin ağır olduğunu dedi. Hadisə yerinə gələndə artıq anam ölmüşdü”.

Prosesdə akademiyanın prorektoru Nuhbaba Şıxiyev mülki iddiaçı qismində ifadə verib. O, baş vermiş hadisə zamanı akademiyaya 6.000 manat ziyan dəydiyini deyib.

Proses mayın 4-də davam etdiriləcək.

Xatırladaq ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (te rorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.

Respublika Baş Prokurorluğu tərəfindən yuxarıdakı şəxslər barəsində istintaq tamamlanaraq martın 29-da cinayət işi baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR