Tərtərdə sel iki evi uçurub

Tərtərdə sel iki evi uçurub
# 03 may 2010 11:26 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Son günlər aramsız yağan güclü yağışlar nəticəsində Tərtərin bir neçə yaşayış məntəqəsində şəxsi evlərə ciddi zərər dəyib. Tərtər İcra Hakimiyyətinin Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-nın Qarabağ bürosuna bildirib ki, rayonun Qaradağlı və Evoğlu kəndlərində 2 məcburi köçkün ailəsinə məxsus ev dağılıb. Seyidimli kənd sakini Dəmirov Tahir Həmid oğluna yaşayış evi qəzalı vəziyyətə düşüb, həyətindəki tövlə isə uçub. Analoji halla həmin yaşayış məntəqəsinin digər sakini İmanov Mənsur Məhərrəm oğlu da üzləşib. Küçərli kəndi ərazisində məskunlaşmış Ağdam rayon köçkünü Məmmədov İnqilab Bahadur oğlunun evi də sel sularının altında qalıb. Ailə yaşadığı torpaq komadan evakuasiya edilib.

Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Tərtər rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin rəhbərliyi ilə komissiya yaradılıb. Hazırda rayon ərazisində baş vermiş belə hallar haqqında məlumatlar toplanır. Fövqəladə Hallar Nazirliyinin və yerli İcra Hakimiyyətinin əməkdaşları yerlərdə zərərin aradan qaldırılması prosesinə başlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR