Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub

Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub
# 06 may 2010 14:21 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Səbail rayon Polis İdarəsinin yeni inzibati binasının açılışı olub. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.
İnzibati bina ilə yaxından tanış olan R. Usubova məlumat verilərək bildirilib ki, tikintisinə ötən ilin aprelində başlanan beşmərtəbəli inzibati binanın ümumi sahəsi 2870 kvadratmetrdir. Müasir standartlara uyğun inşa edilmiş yeni bina bütün zəruri avadanlıq, inventar və kommunikasiyalarla təchiz edilib. Yeni tikilidə 49 xidməti otaq, yeməkxana, sahəsi 306,8 kvadratmetr olan akt zalı var.

R. Usubov ölkə rəhbərliyinin polis orqanlarına göstərdiyi diqqət və qayğıdan danışaraq Səbail rayon Polis İdarəsinin şəxsi heyətinin bu ali diqqət və qayğıya layiqli xidməti ilə cavab verəcəyinə, paytaxt Bakıda sabitliyin, əmin-amanlığın nümunəvi qorunmasına və cinayətkarlıqla qətiyyətli mübarizə işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

DİN-in məlumatında həmçinin bildirilir ki, Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ərəfəsində respublikanın Göygöl, Qusar və Oğuz rayonlarında da polis şöbələri üçün yeni inzibati binaların istifadəyə verilməsi nəzərdə tutulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR