Bakıda özünü kommunal xidmət əməkdaşı kimi təqdim edərək soyğunçuluq və quldurluq edən Şabran rayon sakini tutulub

Bakıda özünü kommunal xidmət əməkdaşı kimi təqdim edərək soyğunçuluq və quldurluq edən Şabran rayon sakini tutulub
# 21 iyun 2010 08:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bakıda özünü kommunal xidmət əməkdaşı kimi təqdim etdikdən sonra mənzillərə daxil olaraq soyğunçuluq və quldurluq edən Şabran rayon sakini tutulub. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda və quldurluqda şübhəli bilinən Şabran rayon sakini Ceyhun Orucov iyunun 20-də tutulub.

İlkin istintaq hərəkətləri zamanı məlum olub ki, C. Orucov 2009-cu il fevralın 14-də Biləcəri qəsəbəsində yaşayan Günel Əhmədovanın evinə açıq qapıdan daxil olmaqla, hədə-qorxu gələrək pul və qızıl-zinət əşyalarını tələb edib. G. Əhmədova pul və qızıl-zinət əşyalarının olmadığını bildirdikdə isə onu döyüb çıxıb gedib.

Həmin il iyunun 14-də Biləcəri qəsəbəsi M. Aslanov küçəsində yaşayan Xatirə Mahmudovanın mənzilinə elektrik xətlərini yoxlamaq adı ilə daxil olub, hədə-qorxu gələrək 400 ABŞ dolları, 80 manat və qızıl-zinət əşyalarını alıb.

C. Orucov 2010-cu ildə də özünü işıq idarəsinin işçisi kimi təqdim edərək Biləcəri qəsəbəsi ərazisində bir neçə mənzilə daxil olaraq soyğunçuluq edib. O, yanvarın 21-də Leyla Məmmədovanın, martın 29-da Fatma Ağayevanın, aprelin 12-də Vüsalə Mikayılovanın, mayın 5-də isə Sevda Məmmədovanın mənzilindən pul, qızıl-zinət əşyaları və sonuncudan əlavə olaraq mobil telefon götürüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar gedir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR