Ələt – Astara magistralında 3 avtomobil toqquşub, xəsarət alanlar var

Ələt – Astara magistralında 3 avtomobil toqquşub, xəsarət alanlar var
# 30 iyun 2010 08:15 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev –APA. Azərbaycanın Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi bas verib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 01:20 radələrində Ələt – Astara magistralının 206-cı kilometrliyində, Lənkəran rayonunun Gərmətük kəndi ərazisində qeydə alınıb. Hələlik sürücüsü istintaqa məlum olmayan “Mercedes” markalı 90 FB 140 dövlət nömrə nişanlı avtomaşın Ələt istiqamətində hərəkətdə olarkən, Astara rayonunun Sərək kənd sakini 30 yaşlı Əliyev Eldar Əsabətdin oğlunun idarə etdiyi “VAZ 2106” markalı 10 EH 972 dövlət nömrə nişanlı avtomaşına, “VAZ 2106” avtomaşını isə, Lənkəran şəhər sakini 57 yaşlı Rzayev Ayaz Baba oğlunun idarə etdiyi “VAZ 21010” markalı 10 MZ 851 dövlət nömrə nişanlı avtomaşına çırpılıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin cənub regional mərkəzinin əməkdaşları gəlib. Qəzada ağır bədən xəsarətlər alan “VAZ 2106“ markalı avtomaşının sürücüsü və avtomaşında olan sərnişin - Astara rayonunun Sərək kənd sakini 53 yaşlı Rəhmanov Şadulla Yədulla oğlu FHN əməkdaşları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Hər iki xəstənin vəziyyəti ümumi orta ağırdır. Şahidlərin sözlərinə görə, “Mercedes” markalı avtomaşın yüksək sürətlə hərəkətdə olub və qarşıdan gedən avtomaşına çırpılıb. “Mersedes”in sürücüsü qəzanı törətdikdən sonra, hadisə yerindən qaçıb.
Faktla bağlı araşdırmalar davam etdirilir, hadisə yerindən qaçan sürücünün kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR