ADNA-da baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlər apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verib

ADNA-da baş verən kütləvi qətllə bağlı ömürlük azadlıqdan məhrum edilənlər apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti verib
# 04 oktyabr 2010 09:57 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) ötən ilin aprel ayında baş verən kütləvi qətllə bağlı təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilən şəxslər apellyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclasının qərarından kasasiya şikayəti veriblər. Ali Məhkəmənin Cinayət İşlər üzrə Məhkəmə Kollegiyasından APA-ya verilən məlumatına görə, məhkumlar Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovun kasasiya şikayəti məhkəməyə yeni daxil olduğundan baxılması üçün icraata verilməyib.

Qeyd edək ki, təqsirləndirilənlər Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqının aparılmasını istəsələr də, onların bununla bağlı vəsatətləri təmin olunmayıb.
Bu səbəbdən onların vəkilləri məhkəmənin qərarından kassasiya şikayəti veriblər.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 10 avqust tarixli hökmü ilə Nadir Əliyev, Cavidan Amirov, Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Təqsirləndirilənlərdən Ariz Qabulov apellyasiya şikayəti verməyib.

Xatırladaq ki, ötən il aprelin 30-da ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan naməlum şəxsin inzibati binanın birinci mərtəbəsindən altıncı mərtəbəsinədək qarşısına çıxan şəxslərə “Makarov” tipli tapançadan atəş açması nəticəsində 12 nəfər ölüb, 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisəni törədən şəxs sonra özünü vurub. Onun Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu olduğu müəyyən edilib.

Təqsirləndirilənlər Amirov Cavidan Fərman oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3 (te rorçuluq), 28,120.2.1 (qəsdən adam öldürməyə hazırlıq), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.10, 120.2.11, 120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.10, 29,120.2.11, 29,120.2.12 (ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə cəhd), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq), 228.2.2, 228.3 (qanunsuz olaraq odlu silah, döyüş sursatı, əldə etmə, saxlama, daşıma və gəzdirmə) və 234.1-cü (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma) maddələri ilə, Əliyev Nadir Şirxan oğluna və Süleymanov Nəcəf Novruz oğluna Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 120.2.1, 120.2.3, 120.2.4, 120.2.5, 120.2.7, 120.2.11, 120.2.12, 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.5, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12, 206.4 və 228.3-cü maddələri ilə, Qabulov Ariz Zahid oğluna Cinayət Məcəlləsinin 206.3.2 və 228.2.1-ci maddələri ilə ittiham elan olunub.

Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror aktının sifarişçisi kimi təqdim edilən erməni əsilli Gürcüstan vətəndaşı Qumaşyan Mardun Qriqoryeviçin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə müvafiq qərar qəbul edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR