Etimad İsmayılovun məhkəmə prosesi oktyabrın 21-nə təxirə salınıb

Etimad İsmayılovun məhkəmə prosesi oktyabrın 21-nə təxirə salınıb
# 13 oktyabr 2010 08:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova, Şəhriyar Əlizadə - APA. Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov və digərlərinin cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində növbəti məhkəmə prosesi təxirə düşüb.

Bu barədə APA-ya ictimai vəkil Vladimir Filiçkin məlumat verib. Onun sözlərinə görə, oktyabrın 12-nə təyin olunan məhkəmə prosesinin təxirə düşməsinə hakimin prosesə gəlməməsi səbəb olub. Vəkilin sözlərinə görə, proses oktyabrın 21-nə təxirə salınıb. Həmin gün müdafiə tərəfi çıxış edəcək.

Xatırladaq ki, əvvəlki prosesdə dövlət ittihamçısı çıxış edərək, Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 10 il, Vladimir Quzova 8 il, Abbas Cəfərova 6 il həbs cəzası, Vladimir Şvadçenkoya isə 3 il şərti cəza verilməsini istəyib.

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.

Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində keçir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR