Azərbaycanın Masallı rayonunda saxta pul kəsən dəstə ifşa olunub

Azərbaycanın Masallı rayonunda saxta pul kəsən dəstə ifşa olunub
# 13 oktyabr 2010 12:26 (UTC +04:00)
Bu barədə APA-nın cənub bürosuna Masallı RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Əlifağa Kazımov məlumat verib. Onun sözlərinə görə, Masallı şəhər sakini, 1981-ci il təvəllüdlü Anar Xəzail oğlu Məmmədov, Salyan şəhər sakini, 1968-ci il təvəllüdlü Pərvanə Noyabr qızı Əkbərovanın və digərlərinin saxta yolla əsginaslar hazırlayaraq dövriyyəyə buraxdıqları barədə RPŞ-ə daxil olan məlumata əsasən, əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Nəticədə həmin şəxslərin hazırladıqları saxta pul əsginaslarının Masallı şəhərində realizə etmələri üzə çıxıb. Belə ki, Anar Məmmədov Pərvanə Əkbərova ilə Bakıdan Masallıya gələrkən taksi sürücüsünə gediş haqqı kimi 50 manat veriblər. Axşam olduğundan pulun saxta olduğunu sürücü yalnız səhər bilib və bu barədə RPŞ-ə müraciət edib. Sürücünün nişan verdiyi ünvanlara müvafiq olaraq polis əməkdaşları hər iki şəxsi yaxalayıblar.

Aparılan axtarışlar zamanı onlardan 100 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq, 3 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq olmaqla, ümumilikdə 10 min 120 manat saxta əsginaslar, həmçinin saxta pul hazırlanmasında istifadə edilən avadanlıqlar aşkarlanaraq götürülüb.

Faktla bağlı Masallı RPŞ-də araşdırmalara başlanılıb, cinayətkar dəstənin digər üzvlərinin yaxalanması istiqamətində tədbirlər davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR