Eynulla Fətullayevlə bağlı Qaradağ rayon Məhkəməsində keçiriləcək proses təxirə salınıb

Eynulla Fətullayevlə bağlı Qaradağ rayon Məhkəməsində keçiriləcək proses təxirə salınıb
# 14 oktyabr 2010 09:29 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı Qaradağ rayon Məhkəməsində keçiriləcək məhkəmə prosesi qeyri-müəyyən vaxtadək təxirə salınıb. Bu barədə APA-ya jurnalistin vəkili Elçin Sadıqov məlumat verib. Onun sözlərinə görə, prosesin təxirə düşməsinə digər vəkil İsaxan Aşurovun ezamiyyətdə olması səbəb olub.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən proses zamanı Eynulla Fətullayev Qaradağ rayon Məhkəməsinin protokolları ilə bağlı qeydlərini məhkəməyə təqdim edib. Daha sonra dövlət ittihamçısı çıxış edərək, həmin qeydlərin birinci instansiya məhkəməsinə aid olduğunu, onların aplleyasiya məhkəməsində araşdırılmasının mümkün olmadığını deyib. Eynulla Fətullayev vəsatət qaldıraraq işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Məhkəmə yerində müşavirəyə gedərək, onun vəsatətini təmin edib və işin yenidən Qaradağ rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.

Xatırladaq ki, E. Fətullayev prosesdə qeyd edilən cinayət işi üzrə Qaradağ rayon Məhkəməsinin protokolları ilə tanış ola bilmədiyini qeyd edərək, ona əlavə vaxt verilməsini istəmişdi. Bu səbəbdən məhkəmə baxışı bir neçə dəfə təxirə salınıb.

Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Bu il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini tələb edib. Azərbaycan hökuməti E. Fətullayevlə bağlı Avropa Məhkəməsinin qərarından narazı qaldığından Böyük Palataya müraciət edib.

Bu il iyulun 6-da isə Qaradağ rayon Məhkəməsi jurnalist Eynulla Fətullayevi daha 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar çıxarıb. Təqsirləndirilən şəxs rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi.
Qeyd edək ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən proses zamanı E. Fətullayev Qaradağ Rayon Məhkəməsində işi üzrə keçirilmiş prosesin protokolları, xüsusilə də “Monitor” jurnalının 2005-ci ildə öldürülən baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı araşdırmalarının nəticələri ilə bağlı məhkəməsində dediklərinin qeyd olunmadığını bildirib. O, əlavə qeydlərini apelyasiya instansiyasının hakimlərinə təqdim edib. Dövlət ittihamçısı çıxış edərək bu qeydlərin birinci instansiya məhkəməsinə aid olduğunu, onların Apelyasiya Məhkəməsində araşdırılmasının mümkün olmadığını deyib.
E. Fətullayev vəsatət qaldıraraq işin birinci instansiya məhkəməsinə qaytarılmasını istəyib. Məhkəmə vəsatəti təmin edib və işin yenidən Qaradağ Rayon Məhkəməsinə qaytarılması barədə qərar qəbul olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR