Bakı Metropoliteninin stansiyalarında bu ilin doqquz ayı ərzində 26 cinayət hadisəsi qeydə alınıb

Bakı Metropoliteninin stansiyalarında bu ilin doqquz ayı ərzində 26 cinayət hadisəsi qeydə alınıb
# 20 oktyabr 2010 13:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bu ilin doqquz ayı ərzində Bakı Metropoliteninin stansiyalarında 26 cinayət hadisəsi qeydə alınıb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, son illər Bakı metrosunda nəzarətin artırılması və təhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi məqsədi ilə bütün stansiyalarda və platformalarda video-monitorlar quraşdırılıb, qatarların və sərnişinlərin hərəkətinə nəzarət gücləndirilib. Sərnişinlərin əl əşyalarının qanun çərçivəsində yoxlanılması məqsədi ilə xidmətə çıxan polis naryardları metalaxtaran detektorlarla təmin olunublar.

Bu ilin doqquz ayı ərzində Bakı metrosunda qeydə alınan 26 cinayət hadisəsinin 84,6 faizinin açılması təmin edilib. O. Mansurzadə deyib ki, 2009-cu ilin ötən dövrü il müqayisədə törədilən cinayətlərin açılma faizi xeyli artıb. Hesabat dövründə Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan iki nəfər tutularaq istintaq orqanlarına təhvil verilib. Ötən doqquz ay ərzində narkotiklərlə bağlı yeddi fakt müəyyən edilib ki, həmin cinayətlərin açılması 100 faiz təmin olunub.

Keçən dövr ərzində Bakı Metropolitenində Polis Şöbəsinin istintaq qrupunun icraatında 38 cinayət işi olub, onlardan 27 üzrə cinayət işi başlanıb, 14 iş baxılması üçün məhkəməyə göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR