Rusiya federal qüvvələrinə və NATO-ya qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşı məhkəməyə əlil arabasında gətirilib

Rusiya federal qüvvələrinə və NATO-ya qarşı döyüşməkdə ittiham olunan Azərbaycan vətəndaşı məhkəməyə əlil arabasında gətirilib
# 22 oktyabr 2010 10:25 (UTC +04:00)
APA-nın xəbərinə görə, məhkəmədə dövlət ittihamçısı ittiham aktını diqqətə çatdırıb. Daha sonra prosesdə A. Abidovun vəkili vəsatətlə çıxış edib. O, müdafiə etdiyi şəxsin əlil və ağır xəstə olduğunu, buna görə də ittihamda nəzərdə tutulan cəzanı çəkə bilməyəcəyini deyib. Vəkil əlavə komission məhkəmə tibbi ekspertizanın təyin olunması və ekspertizanın qarşısında “Onun sağlamlığı cəzanı çəkməyə imkan verirmi” sualının qoyulması barədə vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyib. Müşavirədən sonra vəsatət qəbul edilib. Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Onu da qeyd edək ki, A. Abidov əlil olduğundan məhkəmə zalına əlil arabasında gətirilib.

İttiham aktına görə, təqsirləndirilən şəxs - Qax rayon sakini, 1979-cu il təvəllüdlü Abidov Arif Nazim oğlu Cinayət Məcəlləsinin 12-ci (Cinayət qanununun Azərbaycan Respublikası ərazisindən kənarda törədilən cinayətlərə görə qüvvəsi) və 279.3-cü (Qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma və həmin birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə adamların həlak olmasına və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A. Abidov “Abdullah” ləqəbli Misirxanov Azər Allahverdi oğlunun və “Süleyman” ləqəbli Mehdiyev Samir İlqar oğlunun, habelə öldürdüklərinə görə barələrindəki cinayət işinə xitam verilmiş “Abdulməcid” ləqəbli Mollaçıyev İlqar Əlbdülrəhman oğlu və “Həmzət” ləqəbli Abdullayev Telman Teymur oğlu tərəfindən 2006-cı ilin əvvəllərində Azərbaycanda yaradılmış və A. Misirxanov tərəfindən rəhbərlik edilən qanunsuz silahlı birləşmənin tərkibinə daxil olub, radial-ekstremist vəhhabi dini baxışları ilə seçilən digər təqsirləndirilən şəxslərlə birlikdə Rusiya ərazisində Rusiya Federal Qoşunları əsgərlərinin həlak olması ilə nəticələnən basqında iştirak edib.

A. Abidov 2008-ci il iyunun 5-də Qusar rayonunda yerləşən “Samur” nəzarət buraxılış məntəqəsindən Azərbaycan dövlət sərhədini keçməklə Rusiyanın Dağıstan Respublikası ərazisinə keçib, oradan isə avtobusla İnquşetiyanın Nazran şəhərinə gedib. 2008-ci ilin iyul ayında A. Abidov şəxsiyyətləri istintaqa məlum olmayan, milliyətçə çeçen olan bələdçilərin vasitəsilə İnquşetiya Respublikası ərazisində meşə massivinə gedərək qanunsuz silahlı birləşməyə rəhbərlik edən “Həmzə” ləqəbli şəxsin dəstəsinə qoşulub. Burada o, “Abu Valid” ləqəbli şəxs tərəfindən rəhbərlik olunan silahlı dəstə tərəfindən hərbi təlim keçib. Daha sonra A. Abidov “Abu Valid” ləqəbli şəxsin dəstəsində 17 sentyabr 2008-ci ildə İnquşetiyanın Sunjeski rayonunun Qalaşki kəndində avtomagistral yolu keçən Rusiya Federal Qoşunlarının 6791 saylı hərbi hissəsinin hərbçiləri Andreyev Aleksandr Mixayloviç, Potapov Mixail Valerieviç, Buzmakov Vladimir İvanoviç və Baranov Aleksandr Yuryeviçin hərəkət etdikləri “Ural” markalı avtomobilə silahlı basqında iştirak edib. Həmin basqın nəticəsində yuxarıda adı çəkilən rus hərbçiləri həlak olublar.

Bundan başqa, Arif Abidov barələrində İnterpol xətti ilə axtarış verilən bir sıra Azərbaycan vətəndaşları (bunların sayı 30-dan çoxdur) ilə birlikdə Pakistan İslam Respublikası ərazisində qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib.

Dini baxışlarına görə vəhhabi olan A. Abidov Anar Bilalov, Qurban Əzizov və Namiq Ağalarovla birlikdə 2008-ci il dekabrın 5-də Astara nəzarət buraxılış məntəqəsindən keçərək İran İslam Respublikasının Zahidan şəhərinə gəlib. O, İrandan Əfqanıstana, oradan da Pakistanın Şimali Vəziristan vilayətinə keçərək “Taliban” hərəkatının nəzarəti altında fəaliyyət göstərən azərbaycanlı Vüsal Qasımovun rəhbərlik etdiyi “Özbək camaatı” adlanan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak edib.

A. Abidov bir müddətdən sonra Vüsal Qasımovla aralarında yaranan fikir ayrılığı səbəbindən silahlı dəstəni tərk edərək, “Taliban”çılara qoşulub. Qısa vaxt ərzində “Taliban” üzvləri Arif Abidov, Rəşad İsmayılov, Vüqar İsmayılov və Namiq Ağalarovu Əfqanıstanın Host vilayətinə gətiriblər. Orada dəstə üzvləri pulemyot, avtomat və qumbaraatanla silahlandırılıblar. Silahlı dəstə koalisiya qüvvələrinə qarşı pusqu qurublar. Koalisiya qüvvələrinin gəldiyini görən A. Abidov və digər dəstə üzvləri onları pulemyotdan atəşə tutublar. Koalisiya qüvvələri cavab atəşi açıblar. Qızğın döyüş zamanı A. Abidov çoxsaylı güllə yaraları alıb və koalisiya qoşunları tərəfindən əsir götürülüb. Beş ay müddətində müalicə olunduqdan sonra Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə 15 avqust 2009-cu il tarixində Azərbaycana qaytarılıb.

Onu da qeyd edək ki, Arif Abidov kikboksinq idmanı üzrə dünya çempionudur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR