Etimad İsmayılov məhkəmədə son söz deyib

Etimad İsmayılov məhkəmədə son söz deyib
# 25 oktyabr 2010 09:25 (UTC +04:00)
Bakı. Laçın Sultanova, Şəhriyar Əlizadə - APA. Ədalət Partiyasının sədri İlyas İsmayılovun oğlu Etimad İsmayılov və digərlərinin cinayət işi üzrə Çelyabinsk şəhər Mərkəz Məhkəməsində məhkəmə prosesi davam etdirilib. Bu barədə APA-ya ictimai vəkil Vladimir Filiçkin məlumat verib. Vəkilin sözlərinə görə, oktyabrın 21, 22 və 23-də gecə saat 22:00 radələrinə qədər məhkəmə prosesi davam etdirilib: “Prosesdə hakim Qleb Qaltsev Etimad İsmayılovdan xahiş etdi ki, o son sözünü desin. Etimad onun xahişini yerinə yetirdi. Oktyabrın 23-də Etimad İsmayılov Çelyabinsk vilayətinin qubernatoru Mixayel Yureviç və Federal Təhlükəsizlik Xidmətinin rəisinə müraciət edərək, vilayət büdcəsinə pul vəsaitlərinin köçürülməsi mexanizmi haqda müfəssəl açıqlamalar verib”.

V. Filiçkinin sözlərinə görə, prosesdə E. İsmayılov konkret sənədlər əsasında günahkar olmadığını sübuta yetirib: “Hətta konkret maliyyə sənədləri əsasında dələduz firmaların maliyyə fırıldaqlarını necə həyata keçirdiklərini göstərdi və bildirdi ki, bunların başında “Prodkorporosiya”nın baş direktoru Vladimir Şvadçenko və keçmiş vitse-qubernator Andrey Kosilov dayanıblar. Çelyabinsk vilayətinin qanunlarına görə, Kosilovun “Prodkorporasiya”nın maliyyə-təsərrüfat əməliyyatlarında iştirak etmək hüququ olmayıb. Buna baxmayaraq, o vəzifə səlahiyyətlərini aşaraq bunu edib və vilayət büdcəsinə böyük zərbə vurub. O, bu cür əməliyyatların aparılmasını sanksiyalaşdırıb bankdan kredit almağa havadarlıq edib, həmçinin onların qaytarılmasında qarant kimi iştirak edib. Çelyabinsk vilayətinin qanunlarına görə, “Prodkorporasiya”nın bütün vəsaitlərinin mülkiyyətçisi vilayətin Sənaye Nazirliyidir”.

V. Filiçkin bildirib ki, sabah Çelyabinsk vilayət ictimai palatasının sədri Vyaçeslav Skvortsov, hüquq müvəkkili Aliksey Sevastyanov, hüquq müdafiəçisi Aliksey Suzdalovun və onun özünün iştirakı ilə mətbuat konfransı keçiriləcək: “Etimadın xahişi ilə mən geniş ictimaiyyətə, Çelyabinsk vilayətinin qubernatoru, təhlükəsizlik xidmətinin rəisinə büdcə vəsaitlərinin mənimsənilməsi haqqında konkret sxemlər barədə məlumat verəcəm”.

O, həmçinin bildirib ki, hüquq müdafiəçisi Aleksey Suzlov Azərbaycan prezidenti İlham Əliyevə və Rusiya prezidenti Dimitri Medvedyevə Etimad İsmayılovun hüquqlarının pozulması haqqında müraciət ünvanlayıb.

Vəkil oktyabrın 29-da məhkəmənin hökm elan edəcəyini də bildirib.

Xatırladaq ki, əvvəlki prosesdə dövlət ittihamçısı çıxış edərək, Etimad İsmayılova cəzasını ümumi rejimli koloniyada çəkməklə 9 il, Vladimir Quzova 8 il, Abbas Cəfərovun 6 il, Vladimir Şvadçenkoyun 3 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, E. İsmayılov barəsində Rusiya Cinayət Məcəlləsinin “çirkli pulların yuyulması” və “dələduzluq” maddələri ilə ittiham irəli sürülüb. O, “Avroasiya Sənaye-Maliyyə Qrupu” Məhdud Məsuliyyətli Cəmiyyətinin sahibidir. Bu şirkətə Çelyabinsk qubernatorunun himayəsində olan bir şirkətin 1 milyon dollar məbləğində borcu var. Arbitraj Məhkəməsindən həmin şirkətin Etimad İsmayılovun şirkətinə borcu olmasını təsdiqləyən sənəd də verilib. E. İsmayılov 2008-ci il martın 25-də gecə Bakıdan Moskvaya qayıdarkən Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən “Domodedovo” hava limanında saxlanılıb.

Onu da xatırladaq ki, E. İsmayılovun da ittiham olunduğu cinayət işi 2007-ci ildə qaldırılıb. E. İsmayılovdan əlavə, Ukrayna vətəndaşı, “Russkaya zernovaya kompaniya”nın baş direktoru Vladimir Quzov, vasitəçi strukturun rəhbəri Abbas Cəfərov və “Prodkorporasiya”nın rəhbəri Vladimir Şvadçenkonun da adları cinayət işində hallanır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR