Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifə saxtakarlığında təqsirləndirilən sabiq əməkdaşı məhkəmədə ifadə verib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifə saxtakarlığında təqsirləndirilən sabiq əməkdaşı məhkəmədə ifadə verib
# 28 oktyabr 2010 15:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Quba-Qusar Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin direktor müavini Mikayıl Manafovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, prosesdə məhkəmə istintaqının başlanması barədə qərar qəbul edilib. Dövlət ittihamçısı Ramin Nalbəndiyev ittiham aktını elan edib. Daha sonra prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsində elan olunan ittiham aktı üzrə özünü təqsirli bilmədiyini deyib: “Mən “Safari” MMC-ni yaratmışam. Həmin şirkəti yaratmaq üçün “Dəmiryolbank”dan kredit də götürmüşdüm. O şirkətə 600 min manata qədər vəsait qoymuşam. Dövlətin əmlakını mənimsəməmişəm. Məni qanunsuz yerə həbs ediblər”.

Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.

Qeyd edək ki, Mikayıl Manafov Cinayət Məcəlləsinin 179.3.2-ci (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israfetmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. M.Manafov 5 iyun 2010-cu il tarixdə iş yerində həbs edilib.
Araşdırmalar zamanı məlum olub ki, M.Manafov həm də bizneslə məşğul olub. Rusiyadan kağız gətirib burada karton düzəltdirən M.Manafov sonradan onu satışa çıxarırmış. Hüquq-mühafizə orqanlarının əməkdaşları Xudat dəmiryolu stansiyasında Rusiyadan M.Manafovun adına gələn 4 vaqon kağızı onun həbs edilməsindən bir neçə gün əvvəl müsadirə edib. İttihama görə, Mikayıl Manafov dövlət büdcəsindən ayrılmış 100 min manatı mənimsəməkdə ittiham edilir.

M. Manafov sabiq millət vəkili Asya Manafovanın qardaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR