Səfər Əbiyev: “Sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcək”

Səfər Əbiyev: “Sülh danışıqları nəticə verməsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpası üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcək”
# 30 oktyabr 2010 13:47 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev oktyabrın 25-29-da Çin Xalq Respublikasında rəsmi səfərdə olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan müdafiə nazirinin rəsmi qarışlanma mərasimi keçirilib. Səfər. Əbiyev səfərin ilk günü Çin Xalq Azadlıq Ordusunun baş qərargah rəisi general-polkovnik Çen Binde ilə görüşüb. Görüşdə iki ölkə arasındakı hərbi-siyasi münasibətlər, regiondakı vəziyyət müzakirə edilib. Hərbi təhsil sahəsində həyata keçirilən əməkdaşlıq məsələləri barədə də fikir mübadiləsi aparılıb.
Səfər Əbiyev bildirib ki, Çin Azərbaycana dost ölkədir və ölkəmizin müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də Çin Xalq Respublikasıdır. Azərbaycan-Ermənistan münaqişəsini əsas müzakirə mövzusuna çevirən Səfər Əbiyev problemin səbəblərindən və mövcud durumundan danışıb. Azərbaycanın ərazi bütövlüyünü tanıdığına və verdiyi dəstəyə görə təşəkkürünü bildirən S. Əbiyev Azərbaycanın da Tayvan problemi ilə bağlı Çinə dəstək olduğunu vurğulayıb.
Çin Azadlıq Ordusunun baş qərargah rəisi Çen Binde öz növbəsində qeyd edib ki, Azərbaycan Asiya ilə Avropa arasında körpü rolunu oynayır və onun ölkəsi Azərbaycan dövlətinin və prezidentinin həyata keçirdiyi islahatları təqdir edir.
Səfərin ikinci günü Azərbaycanın müdafiə naziri Çin Xalq Respublikasının «NORİNCO» və «POLİ» şirkətlərinin rəhbər heyətləri ilə görüşüb. Nazir S. Əbiyevə şirkətlərin fəaliyyəti, istehsal etdiyi avadanlıqlar və gələcək işləri barədə ətraflı məlumat verilib.
Azərbaycanın müdafiə nazirini ölkəsinə dəvət edən Çin Xalq Respublikası Dövlət Şurasının üzvü – müdafiə naziri, general-polkovnik Lyan Quanle deyib ki, bu səfər iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişlənməsinə xüsusi töhfələr verəcək.
S. Əbiyev Azərbaycanın Çin ilə geniş hərbi əməkdaşlıqda maraqlı olduğunu bildirib: “Azərbaycan Respublikası terror, separatçı və ekstremist fəaliyyətlərlə hər zaman mübarizə aparır və bu sahədə bütün dövlətlərlə sıx əməkdaşlığın inkişaf etdirilməsinə tərəfdardır”.
S. Əbiyev qeyd edib ki, Azərbaycan işğala məruz qalıb, lakin torpaqlar mütləq azad ediləcək: “Sülh danışıqları nəticə verməzsə, Azərbaycan öz ərazi bütövlüyünün bərpa edilməsi üçün bütün imkanlardan, o cümlədən ordunun gücündən istifadə edəcəkdir. Bunun üçün Silahlı Qüvvələrimizdə ciddi hazırlıq işləri aparılır”.


Daha sonra müdafiə naziri Səfər Əbiyev Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinin 24-cü diviziyasına baş çəkib və ona diviziyanın tarixi, imkanları və strukturu haqqında məlumat verilib.
Səfərin sonuncu günü Azərbaycan Respublikasının müdafiə naziri Çin Xalq Respublikasının Mərkəzi Hərbi Şurasının sədr müavini, general polkovnik Siyuy Tsayxou ilə görüşüb. Görüşdə Çinlə Azərbaycanın hərbi sahədə əməkdaşlığının gələcək perspektivləri müzakirə edilib. Nazir Səfər Əbiyev çinli həmkarına hərbi təhsil sahəsində Azərbaycana verilən dəstəyə görə minnətdarlığını bildirib. Görüşdə Cənubi Qafqazda və Şərqi Asiyada regional təhlükəsizlik məsələləri, iki ölkə arasında hərbi və hərbi texniki əməkdaşlığın gedişatı və inkişaf perspektivləri müzakirə edilib.
Səfər zamanı diqqəti xüsusi cəlb edən amil bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün Çin Xalq Respublikası rəsmiləri tərəfindən dəstəklənməsi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR