Abel Məhərrəmov Etibar Əliyevi və “Reytinq” qəzetini məhkəməyə verir

Abel Məhərrəmov Etibar Əliyevi və “Reytinq” qəzetini məhkəməyə verir
# 10 yanvar 2011 13:47 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov təhsil məsələləri eksperti Etibar Əliyevi məhkəməyə verir. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, buna səbəb E. Əliyevin davamlı olaraq rektor haqqında qərəzli, qeyri-obyektiv, böhtan və həqiqəti əks etdirməyən yazılar yazmasıdır: “E. Əliyevin “Reytinq” qəzetinin 09 yanvar 2011-ci il tarixli sayında dərc etdirdiyi yazı da bu qəbildəndir. Materialda rektor haqqında həqiqəti əks etdirməyən fikirlər yer alıb. Belə ki, 1991-ci ildə bir qrup BDU aliminin Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Azərbaycanda prezident seçkilərində iştirakdan imtina barədə bəyanatlarından yazılıb və həmin bəyanata imza atanlardan birinin guya Abel Məhərrəmov olduğu göstərilib. Halbuki həmin bəyanat “Bakı Universiteti” qəzetinin 14 sentyabr 1991-ci il tarixli sayında dərc edilib və orada Məhərrəmov soyadı ümumiyyətlə yoxdur”.

BDU-nun Mətbuat və informasiya şöbəsinin yaydığı məlumatda xatırladılır ki, 3 il əvvəl oxşar məzmunda yazını “Alternativ” qəzeti də yazıb, lakin sonradan təkzib verib: “Təkzibi verdikdən 3 il sonra yenidən bu yazını təkrar vermək təəccüb doğurur. 2010-cu ildə keçirilən sorğuya görə “Jurnalistləri dostu” elan edilmiş möhtərəm prezidentimiz İlham Əliyevin tövsiyələrinə uyğun olaraq dözümlülük nümayiş etdirib biz hər hansı qəzetin və qərəzli silsilə məqalələrin müəllifi olan Etibar Əliyevin məhkəməyə verilməsini istəmirdik. Lakin davamlı olaraq qeyri-obyektiv və böhtan xarakterli yazıların yazılması ikrah hissi doğurur, buna görə də məsələnin hüquqi müstəvidə araşdırılmasının tərəfdarıyıq”.

Təhsil məsələləri üzrə ekspert Etibar Əliyev APA-ya açıqlamasında rektor Abel Məhərrəmova böhtan atmadığını, həqiqəti dediyini bildirib: “Alternativ” qəzetindəki müvafiq siyahıda Abel Məhərrəmovun adı var. Bizə təqdim olunan rus dilində qəzetdə isə Abel Məhərrəmovun adı pozularaq yerinə Yusif Seyidovun adı yazılıb. Məni məhkəməyə verirlərsə, versinlər. Hər halda qəzetin orijinalını da məhkəməyə gətirəcəklər, onda məlum olacaq ki, imza atanların siyahısında Abel Məhərrəmovun adı da, soyadı da var”.

Qeyd edək ki, “Alternativ” qəzetinin 06-12 iyun 2007-ci il tarixli sayında da eyni məzmunlu yazı dərc edilib və Abel Məhərrəmov həmin qəzeti məhkəməyə verib. Sonradan həmin qəzet 11-17 iyul 2007-ci il tarixli sayında təkzib verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR