Prokuror AXCP sədrinin müşavirinə və digər 4 nəfərə cəza istəyib

Prokuror AXCP sədrinin müşavirinə və digər 4 nəfərə cəza istəyib
# 14 yanvar 2011 09:19 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, Hüseyn Qurbanovun 13 il 6 ay, Elnur Mirzəliyev, Qabil Məmmədrzayev, Mirzə Ağayevin 13 il, Racu Mehrəliyevin isə 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Bundan əlavə zərərçəkmiş şəxsin mənzilindən götürülən pulların geri qaytarılmasını tələb olunub. Prosesdə iştirak edən vəkillər isə prokurorun çıxışına etiraz edib, çıxış üçün vaxt istəyiblər.

Proses yanvarın 21-də davam etdiriləcək.

İttihama görə, 2009-cu il noyabrın 23-də Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsi 36, mənzil 52 ünvanına basqın olub. Basqın edən şəxslər - Elnur Mirzəliyev, Hüseyn Qurbanov və Racu Mehrəliyev evdə olan azyaşlılar Əmir Kərimlini və onun sinif yoldaşı Qədir Azadlını tapança ilə hədələyib, əl-qolunu bağlayaraq mənzildə axtarış aparıblar. Onlar evdən 200 min ABŞ dolları və qızıl-zinət əşyaları aparıblar.

Aparılan araşdırmalar nəticəsində məlum olub ki, sözügedən mənzildə külli miqdarda pulun olması barədə məlumatı oğrulara mənzil sahibinin sürücüsü işləyən Mirzə Ağayev verib. Mirzə Ağayev isə bu məlumatı dostu Qabil Məmmədrzayevə ötürüb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın), 181.2.3-cü (quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 177-ci (oğurluq) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR