Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən qətllə bağlı birgə məlumat yayıb

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Bakıda baş verən qətllə bağlı birgə məlumat yayıb
# 18 yanvar 2011 09:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanın Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi Bakının Qaradağ rayonunda baş verən qətllə bağlı birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, yanvarın 16-da Qaradağ rayon prokurorluğuna Yardımlı rayonunun Hamar kəndində pasport qeydiyyatında olan, Sahil qəsəbəsindəki Qaradağ stansiyası yaxınlığında yeni inşa olunmuş evlərdən birində yaşayan Babayeva Vəsilə Babaxan qızının vəfat etməsi barədə məlumat daxil olub.
Araşdırmalar zamanı Vəsilə Babayevanın ölümü barədə hüquq-mühafizə orqanlarına məlumat verilmədən öz əcəli ilə vəfat etməsi adı altında həyat yoldaşı Eldar Şəkərov tərəfindən dəfn olunmaq üçün Yardımlı rayonuna aparılması müəyyən edilib.
Məlumat əsasında meyit rayona çatmamış geri qaytarılaraq müayinə aparılması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qaradağ rayon şöbəsinə təqdim olunub və keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı mərhumun bədənində çoxsaylı zorakılıq əlamətlərinin olması aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış zamanı üzərində qanabənzər ləkələr olan mərhuma məxsus paltarlar, yataq dəsti və sair maddi sübutlar götürülüb. Eldar Şəkərov ifadəsində aralarında ailə-məişət zəminində baş vermiş münaqişə zamanı Vəsilə Babayevanı qəsdən döyməsini və bunun nəticəsində aldığı xəsarətlərdən ölməsini etiraf edib.
E. Şəkərov cinayətin törədilməsində şübhəli şəxs qismində saxlanılıb.
Hazırda Qaradağ rayon Prokurorluğunda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR