Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi formalaşdırılıb

Penitensiar sistemə nəzarət üzrə İctimai Komitənin yeni tərkibi formalaşdırılıb
# 18 yanvar 2011 16:04 (UTC +04:00)
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda İctimai Komitənin dördüncü tərkibi tərəfindən bir il ərzində görülən işlər haqqında məruzə dinlənilib, aparılan monitorinqlərin daha müntəzəm xarakter alması, qurumun müsbət təcrübəsinin həm yerli, həm də beynəlxalq ictimaiyyətin diqqətindən kənarda qalmadığı, bütövlükdə fəaliyyətinin qənaətbəxş olduğu qeyd edilib.
Tədbirdə komitə üzvlərinin fəaliyyətinin nəticələri qiymətləndirilib və təhlillər aparılıb, qurumun işində iştirak etmək arzusunda olan hüquq-müdafiə, qeyri-hökumət təşkilatlarının Seçki Komissiyasına təqdim etdiyi proqram və təkliflərinə baxılıb, Komitənin yeni tərkibi formalaşdırılıb.
Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev APA-ya bildirib ki, İctimai Komitənin tərkibi əsasən əvvəlki kimi saxlanılıb. O, yeni tərkibdə kimlərin olduğunu açıqlamayıb.
Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov APA-ya açıqlamasında bildirib ki, İctimai Komitənin yeni tərkibdə ilk iclası yaxın zamanlarda baş tutacaq: “Qaydalara əsasən tərkib iclasdan əvvəl açıqlanmır”. Onun sözlərinə görə, bu toplantıda qurum üzvlərinə ədliyyə nazirinin imzası ilə olan xüsusi vəsiqələr təqdim ediləcək. F. Qurbanov qeyd edib ki, komitənin tərkibində bəzi dəyişikliklər də var.
Qeyd edək ki, Ədliyyə Nazirliyi yanında İctmai Komitənin əvvəlki tərkibi belə idi: Zəlihə Tahirova, Çingiz Qənizadə, Əliməmməd Nuriyev, Sahib Məmmədov, İradə Cavadova, Elmari Məmişov, Elmira Ələkbərova, Səidə Qocamanlı, Nazir Quliyev və Şahin Camalov.
İctimai Komitənin tərkibini müəyyənləşdirən seçki komissiyasına millət vəkilləri, Ədliyyə Nazirliyi, Ali Məhkəmə, Respublika Baş Prokurorluğunun nümayəndələri və s. şəxslər daxildir.
Xatırladaq ki, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə nəzarət üzrə İctimai Komitə 2006-cı ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR