Bakı Apellyasiya Məhkəməsi AİP sədri Mövsüm Səmədov haqqında hökmdən apellyasiya şikayətini təmin etməyib

Bakı Apellyasiya Məhkəməsi AİP sədri Mövsüm Səmədov haqqında hökmdən apellyasiya şikayətini təmin etməyib
# 19 yanvar 2011 12:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun 13 sutka inzibati cəza almasından verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə M. Səmədovun vəkili Anar Qasımov müdafiə etdiyi şəxsə əsassız olaraq Nərimanov Rayon Məhkəməsi tərəfindən inzibati cəza verildiyini və saxlanılan zaman hüquqlarının pozulduğunu deyib.

Məhkəmə isə M. Səmədovun apellyasiya şikayətini təmin etməyib və birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, yanvarın 7-də AİP sədri Mövsüm Səmədovla birgə saxlanılan Mirhüseyn Kazımov 11, Elçin Həsənov 13 sutka müddətinə inzibati cəza alıb. M. Səmədovun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov isə yanvarın 7-də 2011-ci il tarixdə polisin qanuni tələblərinə tabe olmaması ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə saxlanılıb. M. Səmədov barəsində 13 gün müddətinə inzibati həbs seçilib. Dəyanət Səmədovun barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

M. Səmədovla birgə saxlanılaraq, inzibati cəza alan şəxslərdən iki nəfər - Mirhüseyn Kazımov və Elçin Həsənov isə ötən gün sərbəst buraxılıb.

Partiya sədrinin təşkilatı məsələlər üzrə müavini Hacı Vaqif Abdullayev barəsində isə dünən 3 aylıq həbs-qətimkan tədbiri seçilib. V. Abdullayevə qarşı Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri üzrə ittiham irəli sürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR