Ombudsman ATƏT-in Bakı ofisinin məsul əməkdaşını qəbul edib

Ombudsman ATƏT-in Bakı ofisinin məsul əməkdaşını qəbul edib
# 25 yanvar 2011 16:02 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili Elmira Suleymanova ATƏT-in Bakı Ofisinin nümayəndəliyi Qanunun aliliyi şöbəsinin rəhbəri Monika Martinezi onun xahişi ilə qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşün məqsədi bu qurumla Ombudsman təsisatının gələcək birgə əməkdaşlığının perspektivlərini müəyyənləşdirmək olub.
Müvəkkil qonağın təmsil etdiyi qurumla səmərəli əməkdaşlıq əlaqələrini qeyd edib.
E. Süleymanova bu ilin insan hüquqları baxımından yaddaqalan hadisələrlə -- Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasının və ölkəmizin Avropa İnsan Hüquqları Konvensiyasına və İşgəncələrə qarşı mübarizə üzrə Avropa Konvensiyasına qoşulmasının 10 illiyi ilə əlamətdar olduğunu diqqətə çatdırıb, bu baxımdan hüquqi maarifləndirmə işinin əhəmiyyətini bildirib.
O, qonağa 2011-ci ildə Azərbaycan hökumətinin Əlillərin hüquqları üzrə Konvensiyanın implementasiyasına dair ilk dövri məruzəni BMT-nin Əlillərin Hüquqları üzrə Komitəyə təqdim edəcəyini, Azərbaycan Ombudsman təsisatının “A” statuslu Milli İnsan Hüquqları Təsisatı olaraq, BMT-nin saziş qurumlarına əlavə hesabat təqdim etmək səlahiyyətinin olduğunu, Müvəkkilin bununla bağlı əlavə məruzə göndərməyi planlaşdırdığını söyləyib. Müvəkkil insan hüquqlarının müxtəlif aspektləri, o cümlədən məişət zorakılığına qarşı mübarizə mövzusunda regionlarda birgə maarifləndirmə tədbirlərinin keçirilməsi, bu mühüm tədbirlərə dövlət qurumlarının, QHT-lərin, vətəndaş cəmiyyəti nümayəndələrinin, beynəlxalq ekspertlərin cəlb olunması təklifini də irəli sürüb. M.Martinez Ombudsmanın səmərəli təkliflərini dəstəklədiyini və bu işdə yardım göstəriləcəyini deyib. Görüşdə texniki dəstək imkanları müzakirə edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR