Eynulla Fətullayevin apellyasiya şikayəti təmin olunmayıb

Eynulla Fətullayevin apellyasiya şikayəti təmin olunmayıb
# 25 yanvar 2011 16:06 (UTC +04:00)
APA-nın xəbərinə görə, prosesdə jurnalistin vəkili Anar Qasımov çıxış edərək, müdafiə etdiyi şəxsin barəsində olan həbs-qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra Eynulla Fətullayev vəsatət verərək, qanının, gözünün, kirpiklərinin və dırnaqlarının yoxlanılması barədə ekspertizanın təyin olunmasını xahiş edib. Bu vəsatət də təmin olunmayıb. Bundan sonra E. Fətullayev çıxış edərək, özünü təqsirli bilmədiyini deyib. Bundan sonra hakim qərarı elan edib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, Eynulla Fətullayev 2007-ci il aprelin 20-də həbs edilib. O, 2005-ci ildə qələmə aldığı “Qarabağ gündəliyi” adlı silsilə yazılarında Xocalı sakinlərini təhqir etməkdə günahlandırılıb və adı çəkilən şəxsə 2 il 6 ay həbs cəzası verilib. Tutulandan sonra ona əlavə ittihamlar irəli sürülüb və Eynulla Fətullayev 2007-ci il oktyabrın 30-da 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

2009-cu il dekabrın 30-da isə 12 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan E. Fətullayevin üzərində 0,223 qram həcmində heroin aşkarlanıb. Bununla əlaqədar ona qarşı Qaradağ RPİ-nin istintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi qaldırılıb. İş üzrə təyin edilmiş məhkəmə-bioloji-kimyəvi ekspertizasının rəylərinə görə, istintaq zamanı E. Fətullayevdən götürülmüş qan və sidik nümunələrində “Diasetil-morfi” (heroin), “Amfetaminil” narkotik vasitələri və “Flunitrozepam-M” psixotrop maddəsi aşkar edilib. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən təqsirləndirilən şəxs E. Fətullayevdə narkotik vasitə olan “Diasetil-morfi”, “Amfetaminil” və psixotrop dərman vasitəsi olan “Benzodiazepin”dən istifadə halları olub, lakin müayinə zamanı E. Fətullayevin narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığı müəyyənləşdirilib. E. Fətullayevin narkotik vasitələr və psixotrop maddələrdən istifadə etmə halları nəzərə alınaraq narkoloji-profilaktik qeydiyyata alınması məsləhət görülüb.

Bu iş üzrə 2010-cu il iyulun 6-da Qaradağ rayon Məhkəməsində, hakim İsmayıl Xəlilovun sədrliyi ilə keçirilən prosesdə E. Fətullayev 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bu qərardan apellyasiya şikayəti verilib.

Ötən il aprelin 22-də isə Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi həbsdə olan jurnalist Eynulla Fətullayevin Azərbaycana qarşı şikayətinə baxıb. Avropa Məhkəməsinin qəbul etdiyi qərara əsasən məhkəmə E. Fətullayev barəsində cinayət işləri üzrə icraat zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın müddəalarının pozulduğunu əsas götürərək jurnalistin dərhal həbsdən azad edilməsini, ona 28 min avro təzminat ödənməsini tələb edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR