Xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb

Xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin məhkəməsi təxirə salınıb
# 26 yanvar 2011 08:49 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın xəbərinə görə, hakim İlqar Murquzovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxslərin heç biri iştirak etməyib. Hakim onların iştirakı olmadan məhkəmə prosesinin davam etdirilməsinə dövlət ittihamçısının münasibətini öyrənib. Prokuror prosesin onların iştirakı ilə keçirilməsinin vacib olduğunu bildirib. Digər proses iştirakçıları da dövlət ittihamçısı ilə razılaşıblar.

Bundan sonra proses fevralın 4-dək təxirə salınıb.

Qeyd edək ki, bu il sentyabrın 27-də səhər saatlarında Nəsimi rayonu ərazisində, keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı, “Audi” markalı maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onun mühafizəçiləri Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.

Baş vermiş hadisə ilə bağlı üç nəfər məsuliyyətə cəlb edilib. Cinayət Məcəlləsinin (CM)126.2.1, 126.2.4 və 221.3-cü maddələrlə təqsirləndirilən Rüfət Məlikov barəsində Nəsimi rayon Məhkəməsinin hökmü ilə 3 ay, CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilən Seymur Məmmədov barəsində isə 2 ay müddətinə həbs-qətimkan cəzası seçilib. Hadisənin digər iştirakçısı olmuş Natəvan Şərifova isə himayəsində azyaşlı uşaqların olması nəzərə alınmaqla, CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib və onun barəsində də polisin nəzarəti altında olmaqla qətimkan tədbiri seçilib.
Xatırladaq ki, məlum hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.2.1, 126.2.4 və 221.3 maddələri ilə başlanan cinayət işi məcəllənin 126.2.1, 126.2.4, 221.2.1 və 221.3 maddələrinə tövsif edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR