Azərbaycanda 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Azərbaycanda 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb
# 27 yanvar 2011 07:19 (UTC +04:00)
Şuradan APA-ya verilən məlumata görə, iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə ötən il görülmüş işlər və köklü dəyişikliklərə səbəb olan mütərəqqi tədbirlər qeyd olunub, qarşıda duran vəzifələr müzakirə edilib.

Çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov bildirib ki, ölkəmizdə iqtisadi inkişafın geniş vüsət alması, yeni iqtisadi münasibətlərin formalaşması və mülki dövriyyənin sürətlə artması məhkəməyə müraciətlərin sayının da dəfələrlə çoxalmasına səbəb olub, 1999-cu illə müqayisədə mülki mübahisələrin sayı 6 dəfə artıb. Təkcə 2010-cu ildə mülki işlər üzrə məhkəmələrə müraciətlərin sayı 15%, iqtisadi mübahisələr üzrə isə 30%-dək çoxalıb.

Bununla əlaqədar və dövlət başçısının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tapşırıqlarının icrası ilə bağlı son illər ardıcıl tədbirlər həyata keçirilib, o cümlədən yeni regional apellyasiya və digər məhkəmələr yaradılıb, hakim korpusunun ən şəffaf və obyektiv prosedurlarla formalaşdırılması üçün yeni qaydalar tətbiq olunub, iş yükünün azaldılması məqsədilə hakim ştatlarının sayı 2 dəfə artırılıb, habelə hakimlərin fəaliyyəti prinsipial qiymətləndirilməklə kobud qanun pozuntuları və digər neqativ hallara yol verən 60-dək hakim məhkəmə sistemindən kənarlaşdırılıb.

Regional ağır cinayət, inzibati-iqtisadi və hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilib, o cümlədən əhatəli təhlillər aparılaraq hakimlərin ştat sayı və məhkəmə aparatlarının strukturu müəyyən olunub, yeni inzibati binalar ayrılaraq, əsaslı təmir-tikinti işləri aparılmaqla məhkəmə fəaliyyətinə uyğunlaşdırılıb. Prezidentin sərəncamları ilə həmin məhkəmələr yüksək hazırlıqlı hakimlər hesabına komplektləşdirilib və cari ilin yanvar ayından 12 yeni regional məhkəmə fəaliyyətə başlayıb. Həmçinin hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə ötən il 8 hakim Ali Məhkəməyə, 34 hakim isə apellyasiya məhkəmələrinə irəli çəkilib, 18 hakimin səlahiyyətlərinə xitam verilib.

İclasda qeyd olunub ki, hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf üsullarla seçimi prosesi 2010-cu ildə də davam edib, seçim mərhələlərini uğurla başa vurmuş 78 nəfər hakimliyə namizəd dövlət başçısının sərəncamları ilə hakim vəzifələrinə təyin edilib.

Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlər çərçivəsində hakimlər tərəfindən yol verilən kobud nöqsan və qanun pozuntularının aradan qaldırılması diqqət mərkəzində saxlanılıb, ötən il 21 hakim intizam məsuliyyətinə cəlb edilib, o cümlədən 3 hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 3 nəfərin iş yeri dəyişdirilib, habelə töhmət və digər intizam tənbehləri verilib.

İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə qarşıda duran vəzifələr qeyd olunub, fəaliyyətin səmərəliliyinin artırılması üzrə əlavə tədbirlər müzakirə edilib. Həmçinin Şurada qanunvericiliyin tələblərinin dəfələrlə kobudcasına pozulmasına və digər neqativ hallara yol verdiyinə görə İmişli rayon Məhkəməsinin hakimi Qubadəli Rzayevin hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib, insan haqlarının pozulması, süründürməçilik və digər qanun pozuntularına yol vermələri ilə bağlı 7 hakim barədə intizam icraatı başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR