Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri barəsində həbs-qətimkan tədbiri seçilib, ona qarşı ağır maddələr üzrə ittiham irəli sürülüb

Azərbaycan İslam Partiyası Astara rayon təşkilatının sədri barəsində həbs-qətimkan tədbiri seçilib, ona qarşı ağır maddələr üzrə ittiham irəli sürülüb
# 27 yanvar 2011 14:35 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Azərbaycan İslam Partiyasının (AİP) Astara rayon təşkilatının sədri Rufulla Axundzadə barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib.

R. Axundzadənin vəkili Sadiq Bağırovun APA-ya verdiyi məlumata görə, Astara şəhər sakini Rufulla Höccət oğlu Axundzadə Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələr üzrə ittiham olunur.

Qeyd edək ki, Azərbaycan Respublika Prokurorluğunun yaydığı məlumata görə, dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyasının üzvləri barəsində başlanmış cinayət işi üzrə istintaqın gedişində Milli Təhlükəsizlik Nazirliyinin əməliyyat yolu ilə əldə etdiyi məlumat əsasında 21 yanvar 2011-ci il tarixdə istintaq qrupu və Astara rayon Polis Şöbəsinin birgə həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində Astara şəhər sakini Axundzadə Ruhulla Höccət oğlunun yaşadığı evdə axtarış aparılarkən həyətindəki saxlanc yerindən 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Naqan” tipli tapança, avtomat silahlar üçün nəzərdə tutulan və içərisində patronlar olan 3 ədəd sandıqça, 5 ədəd “F-1”, 4 ədəd “RQD-5” tipli əl qumbarası, 10 ədəd “UZRQM” tipli alışdırıcı, 2 ədəd trotil şaşkası, 491 ədəd patron, 7 ədəd CD formatlı disk və digər predmetler aşkar edilərək götürülüb. Axtarış zamanı görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar 9 ədəd alışdırıcı və 1 ədəd “RQD-5” tipli qumbara mütəxəssislər tərəfindən partladılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR