Ötən il Azərbaycanda hərbi cinayətlərə görə axtarışda olanlardan 79 nəfər istintaqa cəlb edilib

Ötən il Azərbaycanda hərbi cinayətlərə görə axtarışda olanlardan 79 nəfər istintaqa cəlb edilib
# 27 yanvar 2011 15:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Ötən il Azərbaycanın hərbi prokurorluq orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində axtarışda olanlardan 79 nəfər tapılıb istintaqa cəlb edilib. APA-nın məlumatına görə, bu barədə Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev bu gün keçirilən kollegiya iclasında məlumat verib. Onun sözlərinə görə, 2010-cu ildə təhqiqat orqanlarının fəaliyyətində qanunların icrasına nəzarət qaydasında 182 yoxlama keçirilib, nəticədə 2450 qanun pozuntusu aşkar edilib, qanun pozuntularını doğuran səbəb və şəraitin aradan qaldırılması üçün 264 təqdimat göndərilib, 146 nəfərə xəbərdarlıq edilib, 67 cinayət işi başlanıb, təhqiqat orqanlarının icraatında olan işlər üzrə 122 yazılı göstəriş verilib, cinayət işlərinin başlanmasının rədd edilməsinə dair 74 qanunsuz qərarı ləğv edilib.
Qanunvericilikdə edilmiş dəyişikliklərlə əlaqədar olaraq Müdafiə Nazirliyinin hüquq idarəsinin nəzdində yeni təhqiqat şöbəsi və onun tabeliyində 8 təhqiqat bölməsinin yaradıldığını bildirən hərbi prokuror ərazi hərbi prokurorlarının təhqiqat bölmələri ilə əlaqəli işləmələrinin, ilkin təhqiqatın tam, hərtərəfli və keyfiyyətli aparılması üçün prokuror nəzarətinin daha da gücləndirilməsinin vacibliyi vurğulayıb.

Hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya məhkəmələrinin hökm və qərarlarından verilmiş 53 apellyasiya protestinin 65 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılması, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə hesabat dövründə 267 məhkəmə prosesi səyyar qaydada keçirilib.

Kollegiyada ibtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Bildirilib ki, 2010-cu ildə Azərbaycan hərbi prokurorluq orqanlarında vətəndaşların 1684 müraciətinə baxılıb, 608 vətəndaş mərkəzi aparatda qəbulda olub, ərazi hərbi prokurorluqlarında 2694 vətəndaşın şəxsi qəbulu aparılıb, hərbi hissə və birləşmələrdə hərbi prokurorluqların əməkdaşları tərəfindən 2002 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarların qəbul edilməsi təmin edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR