Azərbaycanda dövlət çevrilişində təqsirləndirilən şəxsin Rusiyada gizləndiyi məlum olub

Azərbaycanda dövlət çevrilişində təqsirləndirilən şəxsin Rusiyada gizləndiyi məlum olub
# 15 fevral 2011 09:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dövlət çevrilişində günahlandırılan şəxsin Rusiyada gizləndiyi məlum olub. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, 1963-cü il təvəllüdlü Vilayət Muquzar oğlu İsmayılov 1995-ci ildən beynəlxalq axtarışa verilib. O, ötən əsrin 90-cı illərdə Azərbaycanda Rövşən Cavadovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) ən fəal üzvlərindən olub. V. İsmayılov həmin dövrdə dövlət çevrilişində iştirak edib. Daha sonra isə ölkəni tərk edərək xaricə qaçıb. Uzun müddət Rusiyanın müxtəlif şəhərlərində gizlənən V. İsmayılov məsuliyyətdən yayınmaq və tanınmamaq üçün bir neçə il əvvəl soyadını dəyişdirərək Omarov olub.

Azərbaycan hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində V. İsmayılovun “Omarov” soyadı ilə Rusiyanın paytaxtı Moskvada gizləndiyini müəyyən ediblər. Araşdırmalar zamanı V. İsmayılovun (Omarov) Rusiyada kriminal aləmlə yaxın əlaqələrinin olduğu barədə faktlar ortaya çıxıb. Belə ki, o, 2010-cu ildə Moskvada “oğrular” arasında baş verən silahlı insidentdə gözündən güllə yarası alıb və bir gözünü itirib.

Hazırda həm Rusiya, həm də Azərbaycan hüquq-mühafizə orqanları V. İsmayılovun (Omarov) tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR