Ötən il 27 bələdiyyənin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edilib

Ötən il 27 bələdiyyənin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edilib
# 21 fevral 2011 11:20 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzi Lənkəranda “Şəffaflıgın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın həyata keçirilməsi ilə bağlı regional seminar keçirib. APA-nın Cənub bürosunun məlumatına görə, Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad rayonlarının yerli icra strukturlarının, bələdiyyələrin, torpaq və xəritəçəkmə şöbələrinin nümayəndələrinin iştirak etdiyi tədbirdə bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunmasında hüquqpozmaların qarşısının alınması, bələdiyyələrin fəaliyyətinin qanuna uyğun idarə olunması, dövlətlə bələdiyyələrin mənafelərinin qorunması, bələdiyyələrdə şəffaflığın artırılması və korrupsiya hallarının qarşısının alınması məsələləri müzakirə edilib.

Tədbirdə bildirilib ki, bələdiyyələrin fəaliyyətində yol verilən ciddi hüquq pozuntularının sayı əvvəlki illərlə müqayisədə azalmaq əvəzinə daha da çoxalıb. Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bunun səbəbini bələdiyyələrin təcrübəsizliyi və bələdiyyə sədrlərinin öz işinə ciddi yanaşmaması, məsuliyyətsizliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, ötən il 27 bələdiyyənin fəaliyyətində korrupsiya hüquqpozmaları aşkar edilib, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb.

Tədbirdən sonra Ədliyyə Nazirliyinin nümayəndəsi Lənkəran şəhər bələdiyyəsinin sədri Eldar Hüseynov və bələdiyyə üzvlərinin iştirakı ilə vətəndaşların qəbulunu keçirərək, onların şikayət və təkliflərini dinləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR