Gömrük orqanlarında vəzifə saxtakarlığı etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Gömrük orqanlarında vəzifə saxtakarlığı etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
# 01 mart 2011 12:37 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində gömrük orqanlarında vəzifə saxtakarlığı edərək külli miqdarda vəsaiti vergidən yayındıran şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, hakim Azər Orucovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək, cinayət işinin materialları ilə tanış olmaq üçün vaxt istəyiblər. Hakim vəsatəti təmin edib. Proses martın 15-də davam etdiriləcək.
İttiham aktına görə, Dövlət Gömrük Komitəsinin (DGK) Bakı Baş Gömrük İdarəsinin Yük şöbəsinin inspektoru vəzifəsində işləyən Müseyib Əzizov, Mirələm İsmayılov, DGK “Azərterminalkompleks” Təsərrüfat Hesablı Xarici İqtisadi Birliyinin Bakı şöbəsində kompüter operatoru vəzifəsində işləyən İsmayıl Əhmədov, Natiq Quliyev və qeyrilərindən ibarət 11 nəfərlik qrup bəzi şəxslərlə qabaqcadan əlbir olaraq vergiləri ödəməkdən yayınmaq məqsədilə əlavə dəyər vergisi borcunu əvəzləşdirmək üçün qanunsuz hərəkətlər ediblər.
Onlar dəfələrlə rüşvət alaraq “Aqrolizinq” ASC-yə avtomobil vasitəsi ilə “soyuducu avadanlıqlarda istifadə olunan kompressorlar”ın daxil olmasını göstərən yük gömrük bəyannamələrini, “Elektrikquraşdırma” müəssisəsinin guya Rusiyada yerləşən “Enerqomaşstroy” MMC-dən, eləcə də “Samur-Abşeron Su Tikinti” Törəmə müəssisəsinin guya Rusiyada yerləşən “Torqovıy Dom TMK”ASC-dən dəmir yolu nəqliyyatı ilə qara metaldan məmulatlar, qara metallardan metal konstruksiyalar və digər inşaat materiallarının idxal olunması barədə yük gömrük bəyannamələrini saxta tərtib edərək vəzifə saxtakarlığı ediblər.
İ. Əhmədov, N. Quliyev, M. Əzizov, M. İsmayılov və qeyriləri Cinayət Məcəlləsinin 311.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma, vəzifə saxtakarlığı) ittiham olunurlar. Həmin şəxslər haqqında cinayət işi üzrə ibtidai istintaq DGK-nin istintaq idarəsində aparılıb və tərtib olunmuş ittiham aktı cinayət işinin məhkəməyə verilməsi üçün Baş Prokurorluğa göndərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR