DİN Rəşadət Axundov və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavininin həbs olunmasına aydınlıq gətirib

DİN Rəşadət Axundov və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavininin həbs olunmasına aydınlıq gətirib
# 09 mart 2011 15:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) Rəşadət Axundov və Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının həbs olunmasına aydınlıq gətirib. Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-ya açıqlamasında bildirib ki, Rəşadət Axundov ictimai asayişi pozduğu və polisin qanuni tələblərinə tabe olmadığı üçün martın 8-də polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə gətirilib. Burada onun barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsinə uyğun olaraq protokol tərtib edilib və baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Xətai Rayon Məhkəməsi tərəfindən onun barəsində 5 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Orxan Mansurzadə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlının da saxlanılmasına münasibət bildirib. Qeyd edib ki, Səxavət Soltanlı Qaradağ rayonunun Qobustan qəsəbəsində «Mercedes» markalı 10 SG 556 dövlət nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edib, buna görə də polis əməkdaşları tərəfindən saxlanılaraq Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə gətirilib. Burada Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 296.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. Səxavət Soltanlı haqqında məhkəmə tərəfindən 5 sutka müddətinə inzibati həbs qərarı çıxarılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR