Prokurorluq saxta pul kəsənlərin barəsində olan hökmdən protest verib

Prokurorluq saxta pul kəsənlərin barəsində olan hökmdən protest verib
# 10 mart 2011 10:58 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhər Prokurorluğu saxta pulların çapı və satışı ilə məşğul olan Biləsuvar rayon sakinlərindən ibarət dəstə üzvlərinin barəsində olan hökmdən apellyasiya protesti verib. APA-nın xəbərinə görə, prokurorluq bununla bağlı Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib. Prokurorluq dəstə üzvlərinin cəzasının artırılmasını istəyir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Etibar Ağayev, Şaban Şəviyev, Cavid Əbilov, Cavid İbadzadə, Süleyman Liftizadə, Vüqar İbayev və onun qardaşı Əli İbayev şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilənlər Biləsuvar rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində 2009-cu ilin noyabrında saxlanılıblar. Dəstənin aşkar edilməsinə rayon sakini Müşfiq Poladov kömək edib. Belə ki, həmin şəxs Polis Şöbəsinə gələrək balıq satarkən 2 nəfər naməlum şəxsin ödəniş edərkən ona eyni nömrəli 2 ədəd 50 manatlıq pul əsginası təqdim etdiyini bildirib. Pulun saxta olduğunu bilənə kimi alıcılar mağazadan uzaqlaşıblar.

Biləsuvar rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun İsmətli kəndində adıçəkilən şəxslər 50 və 100 manatlıq saxta pulları satarkən hadisə yerində saxlanılıblar. Dəstə üzvlərinin yaşadıqları evlərə baxış keçirilərkən oradan 30 mindən artıq 50 və 100 manatlıq saxta əsginas aşkar olunaraq götürülüb. Onlar saxta pulları hazırlamaq üçün 3 ədəd rəngli surətçıxaran aparatdan istifadə ediblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 204-cü (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə ittiham olunublar.

Onu da qeyd edək ki, təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti veriblər. Onlar isə cəzanın azaldılmasını istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR