“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin döyülməsi faktı ilə əlaqədar mətbuat konfransı keçirilib

“Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzinin döyülməsi faktı ilə əlaqədar mətbuat konfransı keçirilib
# 26 mart 2011 10:50 (UTC +04:00)
Bakı. Hafiz Heydərov-APA. “Azadlıq” qəzetinin əməkdaşı naməlum şəxslər tərəfindən döyülüb. APA-nın məlumatına görə, baş vermiş hadisə ilə əlaqədar bu gün mətbuat konfransı keçirilib. Tədbirdə çıxış edən qəzetin baş redaktoru Qənimət Zahid bildirib ki, qəzetin əməkdaşı Seymur Həzi ötən gecə naməlum şəxslər tərəfindən oğurlanıb, sonra isə döyülərək sərbəst buraxılıb.

Daha sonra konfransda çıxış edən jurnalist Seymur Həzi hadisənin təfərrüatlarını açıqlayıb: “Ötən gecə işdən çıxıb evə gedirdim. “20 Yanvar” ərazisindən Ceyranbatan qəsəbəsinə yola düşdüm. Qəsəbədə düşüb evimə gedərkən hiss elədim ki, məni kimsə izləyir. Qaçmaq istədim, lakin alınmadı. Beş-altı nəfər məni maşına basıb naməlum istiqamətdə apardılar. Başıma maska keçirmişdilər deyə hansı istiqamətdə getdiyimizi bilmədim. Məni tikintisi tam başa çatmamış evə gətirdilər. “Ağıllı ol, yoxsa səni bundan da pis günlər gözləyir” deyərək məni vəhşicəsinə döydülər. Sonra isə maşına qoyub yenə naməlum istiqamətdə apardılar. Nəhayət Binəqədi kəndi ərazisində məni maşından düşürüb ərazidən uzaqlaşdılar. Çox çətinliklə evə gəldim”. Jurnalist bir bundan əvvəl də belə təzyiqlərə məruz qaldığını deyib.

Jurnalistin vəkili Rəşid Hacılı Seymur Həzinin dərhal müayinədən keçiriləcəyini və baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat veriləcəyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR