DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib

DİN-in Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib
# 30 mart 2011 15:34 (UTC +04:00)
Bakı-APA. Daxili İşlər Nazirliyinin (DİN) Arif Heydərov adına Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbində ilkin hazırlıq kursunu bitirmiş müdavimlərin andiçmə mərasimi keçirilib. DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov və Milli Məclisin deputatı Rafael Hüseynov iştirak ediblər. Məktəbin rəisi, polis polkovniki Ramiz Abdullayev mərasimi giriş sözü ilə açaraq dinləyiciləri təbrik edib, yüksək təhsil və tədris üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd olunub ki, ilkin hazırlıq kurslarındakı 3 aylıq təlim-təhsil müddətində dinləyicilərə 17 fənn üzrə 142 mövzu tədris olunub, çoxsaylı praktiki məşğələlər, təcrübi təlimlər və işgüzar oyunlar keçirilib. Gənc əməkdaşlar imtahanlarda xüsusi, atəş və fiziki hazırlıq fənnlərindən yüksək nəticələr əldə ediblər.
Milli Məclisin deputatı Rafael Hüseynov tədbirdə çıxış edərək ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğıdan danışıb, gənc polis nəfərlərinə sabitliyin və ictimai təhlükəsizliyin qorunub saxlanılması işində uğurlar arzulayıb.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov Heydər Əliyevin gənclərə böyük diqqət və qayğısının Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.
Qeyd olunub ki, bu gün vətənə və xalqa sədaqət andı içən 553 gənc polis nəfəri daxili işlər orqanlarında xidmətə başlayacaq. Tədbirin sonunda dinləyicilərin təntənəli keçidi olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR