Qubada zəncirvari avtomobil qəzası baş verib

Qubada zəncirvari avtomobil qəzası baş verib
# 02 may 2011 14:19 (UTC +04:00)
Quba. Zaur Quliyev – APA. Qubada 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun xəbərinə görə, zəncirvari qəza bu gün saat 14:00-da, Quba şəhərinin Fətəlixan küçəsində qeydə alınıb. Rayonun Qonaqkənd kənd sakini 1977-ci il təvəllüdlü Mustafayev Ramil Təhmasibşah oğlunun idarə etdiyi 10-VD-668 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil Fətəlixan küçəsi istiqamətində hərəkət edərkən yolun əks istiqamətindən gələn Quba şəhər sakini 1988-ci il təvəllüdlü Sultanov Elnur Bəhram oğluna məxsus 90-XK-108 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobillə toqquşub. Elnur Sultanovun idarə etdiyi avtomobil isə qarşıda duran, Quba şəhər sakini 1960-cı il təvəllüdlü Abdullayev Qadir Həsən oğluna məxsus 40-AA-140 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomobilə, daha sonra Quba rayonunun II Nügədi kənd sakini, 1950-ci il təvəllüdlü İmamquliyev Fərhad Şəmsəddin oğluna məxsus 40-BD-084 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomobilə çırpılıb. Nəticədə bütün avtomobillərə ciddi ziyan dəyib. Quba rayon Polis Şöbəsinin Təhqiqatçısı Şahin Məmmədovun verdiyi məlumata görə, yol qəzasının baş vermə səbəbləri aparılan araşdırmadan sonra məlum olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR