Azərbaycanda bank filialının sabiq müdirinin cinayət işinin istintaqı yekunlaşıb

Azərbaycanda bank filialının sabiq müdirinin cinayət işinin istintaqı yekunlaşıb
# 24 may 2011 08:33 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. “Royal Bank” ASC-nın Bakı filialının sabiq müdiri Anar Həşimovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. APA-nın xəbərinə görə, məhkəmənin hazırlıq iclası iyunun 31-də hakim Eynullla Vəliyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən “Royal Bank” ASC-nin bir sıra filiallarının fəaliyyəti yoxlanılarkən qanun pozuntuları aşkar olunub. Məlumata görə, iş üzrə başlanılmış cinayət işinin istintaqı zamanı müəyyən olub ki, “Paytaxt” filialının müdiri işləmiş Anar Həşimov qulluq mövqeyindən istifadə etmə və vəzifə saxtakarlığı yolu ilə etibar edilmiş özgə əmlakını külli miqdarda mənimsəyərək talayıb.

Anar Həşimov filial müdiri işləyərkən depozit müqaviləsinə əsasən Yusif Abdullayev tərəfindən xəzinə mədaxil orderi ilə filiala əmanət qismində təhvil verilmiş pul üzrə əməliyyat aparılarkən əmanətçinin xəbəri olmadan bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd olan xəzinə məxaric orderində sonuncunun imzasını saxtalaşdırıb, əmanətçinin 50 min 259 manat əmanət və faiz pulunu filialın xəzinəsindən qanunsuz olaraq götürüb.

Törətdiyi cinayət əməllərinə görə Anar Həşimov Cinayət Məcəlləsinin etibar edilmiş külli miqdarda özgə əmlakını talama və vəzifə saxtakarlığına görə məsuliyyət nəzərdə tutan 179.3.2-ci və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmə tərəfindən barəsində həbs-qətimkan tədbiri seçilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR