Azərbaycan Əfqanıstanda qəzaya uğrayan təyyarənin qalıqlarını və cəsədləri götürmək üçün “Taliban”la danışıqlar aparmağa cəhd göstərir – YENİLƏNİB

Azərbaycan Əfqanıstanda qəzaya uğrayan təyyarənin qalıqlarını və cəsədləri götürmək üçün “Taliban”la danışıqlar aparmağa cəhd göstərir – <font color=red>YENİLƏNİB</font>
# 09 iyul 2011 09:48 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA. Azərbaycan tərəfi Əfqanıstanda qəzaya uğrayan yük təyyarəsi ilə bağlı araşdırma aparmaq, qəza yerinə yaxınlaşmaq, cəsədləri və təyyarənin qalıqlarını götürmək üçün Əfqanıstanın rəsmi qurumları ilə yanaşı, həmin əraziyə nəzarət edən “Taliban” qüvvələri ilə də danışıqlar aparmağa cəhd göstərir. APA-nın məlumatına görə, bu barədə Azərbaycan təyyarəsinin Əfqanıstanda qəzaya uğramasının səbəblərini araşdırmaq üçün yaradılan komissiyanın Azərbaycan tərəfdən rəhbəri “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin vitse-prezidenti İlham Əmirov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, hadisə baş verən ərazidə döyüşlər getdiyi üçün həmin əraziyə yaxınlaşmaq mümkün olmayıb: “Əfqanıstanın Nəqliyyat Nazirliyi NATO qüvvələri ilə birlikdə iki dəfə əraziyə yaxınlaşmağa cəhd göstərib. Lakin hər iki cəhddə havaya qalxan helikopterlər yerdən atəşə tutulub. Məhz buna görə də onlar ərazidən uzaqlaşmalı olublar. Buna baxmayaraq, ikinci cəhd zamanı qəza baş verən ərazidə foto çəkilişlər aparmaq mümkün olub. Çəkilmiş fotolardan qəzaya uğrayan təyyarənin bizə məxsus olduğunu müəyyən edilib”.

O, həmçinin qeyd edib ki, təyyarənin “Taliban” qüvvələri tərəfindən vurulması ehtimalı çox böyükdür: “Azərbaycan tərəfi cəsədlərin və qara qutunun gətirilməsi üçün Əfqanıstana xüsusi təyyarə göndərib. Təyyarə iki gündür, Kabil hava limanında gözləyir”.

İ. Əmirov, həmçinin deyib ki, hadisə baş verən ərazi çox əlverişsizdir: “Orada sıldırım qayalar var, oraya 3 saat ərzində piyada qalxmaq lazımdır. Azərbaycan Əfqanıstana müraciət edərək mütəxəssislərin ərazidə işləyə bilməsi üçün NATO qüvvələri tərəfindən ərazinin blokadaya alınmasını xahiş edib. Lakin bu mümkün olmayıb. Hadisə yerinə üçüncü yaxınlaşma cəhdi bu gün olacaq. Bu saatlarda “Taliban”la yenidən əlaqəyə çıxmaq üçün də danışıqlar gedir”.

Qeyd edək ki, Əfqanıstanda baş verən qəzanın səbəblərini araşdırmaq üçün yaradılan komissiyada Əfqanıstan, Azərbaycan və Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin (ISAF) nümayəndələri təmsil olunur. Bu komissiyada təyyarənin məxsus olduğu “Silk Way” aviaşirkətinin nümayəndələri də var.

Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı açıqlamaya görə, hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunur. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.

Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.

Yük qaldırma imkanı 40 ton olan İl-76 təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısı həlak olub. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR