Daxili İşlər Nazirliyində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib
# 22 iyul 2011 16:44 (UTC +04:00)
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cinayətkarlığa qarşı mübarizədə, asayişin mühafizəsində, insan hüquq və azadlıqlarının qorunmasında əvvəlki illərin müsbət təmayülləri inkişaf etdirilmiş, əməliyyat şəraiti nəzarətdə saxlanılıb. Cinayətlərin qarşısının alınması, açılması, cinayətkarların axtarışı, ictimai qaydaya nəzarət, yol hərəkəti təhlükəsizliyinin təşkili və sair sahələrdə tətbiq edilən çoxsaylı informasiya resursları xidməti vəzifələrin icrasının effektivliyini əhəmiyyətli dərəcədə artırıb, hüquq pozuntuları barədə məlumatlara çevik reaksiya verilməsinə müsbət təsir göstərib.

Hesabat məruzəsi ilə çıxış edən daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, cari ilin 6 ayında həyata keçirilmiş kompleks qabaqlayıcı tədbirlər cinayətkarlığa, onun mütəşəkkil və transmilli növlərinə qarşı mübarizənin daha məqsədyönlü aparılmasını təmin edib.

Nazirlik sistemində müasir texniki vasitələrdən, statistik, axtarış, kriminalistik və digər uçotlardan geniş istifadə edilməsi profilaktik işin effektivliyini xeyli artırıb. «102» və «Təhlükəsiz Şəhər» xidmətləri tərəfindən məişət zəminində baş vermiş 2493 hüquqazidd əməlin, 147 ictimai asayişin pozulması faktının, 28 yanğının, 8 avtoxuliqanlığın və s. hadisələrin qarşısı alınmış, axtarışda olan 16 avtomobil saxlanılıb. «Məlumat Portalı» vasitəsilə 447 təqsirləndirilən şəxs müəyyən edilmiş, cinayətlərin açılmasında əhəmiyyət kəsb edən 270 minə yaxın sorğu cavablandırılıb. Avtomatlaşdırılmış kriminalistik laboratoriyalar və daktiloskopik informasiya sistemlərinin köməyi ilə istintaqı aparılan cinayət işlərinin 22,4 faizi (1954) üzrə sübut bazası toplanılıb. Bütün subyektlər üzrə 12.139 cinayət qeydə alınıb ki, onların 95%-i, yəni 11.520-si daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Həmin cinayətlərin 90,5%-ni böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 9,5%-ni ağır və xüsusilə ağır növlər təşkil edib. Ümumi cinayətlərin 82,2%-i, daxili işlər və prokurorluq orqanlarına aid olanların isə 83,4%-i açılıb.

Qəsdən adam öldürməyə cəhdlərin açılması 3,3%, avtonəqliyyat oğurluğu faktlarının açılması 60% yaxşılaşıb, adam oğurluğu cinayətləri tam açılıb. Cinayətlərin ağır və xüsusilə ağır növləri 19%, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər 7,2%, hədə-qorxu ilə tələb etmələr 33,3%, cibgirliklər 3,7% azalıb. Adamları girov götürmə və banditizm cinayətləri qeydə alınmayıb. Naxçıvan Muxtar Respublikasında, həmçinin ölkənin 31 şəhər və rayonunda ağır və xüsusilə ağır cinayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha az olub. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 155, əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində isə «isti izlərlə» 566 cinayətin açılması təmin edilib. Cinayətkarlığa qarşı mübarizədə vətəndaşların da böyük əməyi olmuş və qeyri-aşkar şəraitdə baş vermiş cinayətlərin 85%-i məhz onların yaxından iştirakı ilə açılıb.

Məruzə ətrafında müzakirələrdə DİN-in ayrı-ayrı struktur qurumlarının və şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlərdən və fəaliyyətdə yol verilmiş nöqsanlar eləcə də, onların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələr barədə çıxış ediblər.

İclasa yekun vuran general-polkovnik Ramil Usubov daxili işlər orqanlarının hesabat dövründəki fəaliyyətinin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi üzrə tədbirlərdə və xüsusi əməliyyatlarda Daxili Qoşunların hərbçilərinin yüksək peşəkarlıq nümayiş etdirdiklərini bildirib.

Nazir eyni zamanda, əməliyyat-xidməti fəaliyyətdə müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu, bir sıra ərazi orqanlarında kriminogen durumda baş verən dəyişikliklərə vaxtında adekvat reaksiya verilməməsinin ümumi fəaliyyətə mənfi təsir göstərdiyini qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR