Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün bu gecə Bakıya gəlir

Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün bu gecə Bakıya gəlir
# 08 avqust 2011 13:53 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Eks-prezident Ayaz Mütəllibov oğlu Azad Mütəllibovun dəfn mərasimində iştirak etmək üçün Azərbaycana gəlməyi planlaşdırır. A. Mütəllibovun köməkçisi APA-ya bildirib ki, artıq eks-prezidentə oğlunun vəfatı haqqında məlumat verilib: “Ayaz Mütəllibov oğlunun dəfn mərasimində iştirak etmək üçün Bakıya getməyi nəzərdə tutur. Bununla bağlı hazırlıq işləri görülür”.

O bildirib ki, A. Mütəllibov Moskva-Bakı təyyarə reysi ilə Azərbaycana gedəcək: “Ayaz Mütəllibovun Bakıya yola düşəcəyi vaxt barədə nə isə deyə bilmərəm. Yəqin ki, bu, gecə saatlarında baş tutacaq”.

Qeyd edək ki, Ayaz Niyazi oğlu Mütəllibov 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəz Komitəsinin birinci katibi təyin olunub. 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna kimi Sovet İttifaqı Kommunist Partiyası MK-nin və Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü olub. 1991-ci il sentyabrın 8-də Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilərin rus ordusunun köməkliyi ilə törətdiyi faciədən sonra Ali Sovetdə xalqın dəstəyini qazanan o vaxtkı müxalifət növbədənkənar sessiyanın çağırılmasına nail olub və Ayaz Mütəllibovu tutduğu vəzifədən istefa verməyə məcbur edib. Nəticədə Mütəllibov 1992-ci il martın 6-da istefa verib.

Həmin ilin mayında Ali Sovet öz qərarını ləğv edib və Mütəllibovu mayın 14-də vəzifəsinə qaytarır. Lakin müxalif cəbhədə duran Azərbaycan Xalq Cəbhəsinin təzyiqi altında Ayaz Mütəllibov yenidən istefası barədə sənədi imzalamalı olub və ölkəni tərk edib. O vaxtdan etibarən o, 1992-ci ildən Moskvada yaşayır.

Hazırda Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədridir.

A. Mütəllibovu Nazirlər Sovetinin sədri və prezident vəzifələrində işlədiyi, habelə istefa verəndən sonrakı dövrdə çoxsaylı ağır cinayət əməlləri törətməkdə də ittiham edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR