Respublika Hərbi Prokurorluğu Bakının Xətai Rayon Hərbi Komissarlığında yoxlamalara başlayıb, həbs olunan var

Respublika Hərbi Prokurorluğu Bakının Xətai Rayon Hərbi Komissarlığında yoxlamalara başlayıb, həbs olunan var
# 16 avqust 2011 12:44 (UTC +04:00)
Məlumata görə, aparılan yoxlamalar zamanı komissarlıqda ciddi korrupsiya faktları aşkarlanıb. Aşkarlanmış korrupsiya faktları ilə bağlı artıq Xətai rayon hərbi komissarının müavini olmuş, bir neçə ay əvvəl təqaüdə göndərilən Davud Hüseynov saxlanılıb. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Aparılan yoxlamaların nəticəsi olaraq komissarlığın daha bir neçə əməkdaşının tutulacağı da istisna edilmir.

Respublika Hərbi Komissarlığından APA-ya D. Hüseynovun tutulması faktını təsdiqləyiblər.

Xətai rayonunun hərbi komissarı polkovnik-leytenant Niyazi Məmmədov APA-nın sorğusuna cavabında Respublika Hərbi Prokurorluğu tərəfindən rəhbəri olduğu qurumda yoxlamaların həyata keçirildiyini təsdiqləsə də, bu barədə ətraflı məlumat verməyib.

Xatırladaq ki, bir müddət əvvəl Respublika Hərbi Komissarlığının Kadrlar İdarəsinin rəisi, polkovnik-leytenant Etibar Nuriyev korrupsiya faktı ilə əlaqədar saxlanılıb. Onun barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Respublikanın hərbi prokuroru Xanlar Vəliyev 2011-ci ilin birinci yarısının yekunlarına həsr olunan kollegiyada bildirib ki, bu il Respublika Hərbi Prokurorluq orqanları korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizə sahəsində müvafiq işlər görərək 58 fakt üzrə cinayət işi başlayıb. Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması ilə bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində Cinayət Məcəlləsinin 311.1, 313, 341.1 maddələri ilə cinayət işləri başlanıb və istintaq davam etdirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR