Eldar Sultanov: “Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib”

Eldar Sultanov: “Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib”
# 15 mart 2012 13:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Baş Prokurorluq “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının əməkdaşı Xədicə İsmayılova ilə bağlı açıqlama verib. Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılovanın Baş Prokurorluğa daxil olmuş müraciəti müvafiq qaydada araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərilib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə APA-ya bildirib ki, Xədicə İsmayılovanın şikayət ərizəsi nazirliyə daxil olub və DİN rəhbərliyi aidiyyəti xidmət sahələrinə şikayətdə göstərilənlərin araşdırılması haqda tapşırıq verib: “Məktubda göstərilənlər qanunla müəyyən olunmuş vaxt ərzində araşdırılacaq. Nəticələrdən asılı olaraq qanuni tədbir görüləcək. Araşdırma başa çatdıqdan sonra ərizə müəllifinə cavab veriləcək”.

Qeyd edək ki, martın 7-də Xədicə İsmayılovanın yaşadığı ünvana təhdid və şantaj xarakterli məktub gəlib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Martın 14-də isə internetdə Xədicə İsmayılovanın şəxsi həyatına aid video görüntü yayılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR