Baş Prokurorluq yol polisinin ölümü ilə bağlı məlumat yayıb

Baş Prokurorluq yol polisinin ölümü ilə bağlı məlumat yayıb
# 11 iyun 2012 08:06 (UTC +04:00)
APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, iyunun 8-də saat 16:40 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yol hərəkəti qaydalarını kobud surətdə pozan “VAZ 2107” markalı 10 MN 839 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü İsmayılov Hüseyn Rəfail oğlu həmin ərazidə xidməti vəzifələrini yerinə yetirən Dövlət Yol Polisi İdarəsinin Yol Polis Xidməti Alayının inspektorları Ədalət Paşayev və Əhliman Səmədovun qanuni tələblərinə tabe olmayıb və yol hərəkəti qaydalarını pozmaqda davam etdirib. Polis əməkdaşları sürücünün qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə Böyük Şor şosesində xidmət aparan digər YPX-nin əməkdaşlarına xüsusi rabitə vasitəsi ilə bu barədə məlumat veriblər. H. İsmayılov avtomobili daha yüksək surətlə idarə edərək onu saxlamaq üçün yolun kənarında dayanan YPX-nin əməkdaşı Mehman Kərimovu vuraraq onu həyat və sağlamlıq üçün təhlükəli vəziyyətdə qoymaqla hadisə yerindən qaçıb. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakta görə həmin tarixdə Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma), 264 (yol nəqliyyat hadisəsi yerindən qaçma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində H.İsmayılov şübhəli şəxs qismində tutulub.

H. İsmayılov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona qeyd edilən maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR