AŞPA həmməruzəçiləri baş prokuror Zakir Qaralovla görüşüblər

AŞPA həmməruzəçiləri baş prokuror Zakir Qaralovla görüşüblər
# 12 iyun 2012 15:28 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt de Mora və Jozef Debono Qrex ilə görüşüb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən Z. Qaralov Azərbaycanın Avropa Şurası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini bildirib. O, Azərbaycanın məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində prezident İlham Əliyev tərəfindən imzalanan qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün normativ-hüquqi bazanın yaradılması barədə məlumat verib.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və tətbiqinin prokurorluq orqanları qarşısında prioritet vəzifə olduğunu diqqətə çatdıran baş prokuror, çıxışında Azərbaycanda İnsan hüquqları üzrə Avropa Konvensiyasının implementasiyası, insan hüquqlarının qorunması istiqamətində aparılan işlər, o cümlədən “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar konkret işlərin həyata keçirildiyini i vurğulayıb.

Həmməruzəçilər isə Azərbaycanda məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə xidmət edən öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndirərək, Azərbaycanda gedən demokratik prosesləri dəstəklədiklərini və bu sahədə zəruri köməklik göstərməyə hazır olduqlarını vurğulayıblar.

Görüşdə fikir mübadiləsi aparılıb və maraq doğuran suallar cavablandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR