Dövlət ittihamçısı: “Prokuror Vüsal Orucov həbs olunmayıb, vəhhabi də deyil”

Dövlət ittihamçısı: “Prokuror Vüsal Orucov həbs olunmayıb, vəhhabi də deyil”
# 14 iyun 2012 14:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallı barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə məhkəmə iclas katibi Xəyalə Məmişova elan edib ki, zərərçəkmiş şəxslər – müğənni Nüşabə Ələsgərli, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Nəşriyyatının direktoru Ağabəy Əsgərov ifadə vermək üçün məhkəməyə çağırılsalar da, işləri olduğunu əsas gətirərək, prosesə gəlməyiblər.

Hakim bildirib ki, həmin şəxslər növbəti məhkəmə prosesinə də gəlməsələr, barələrində məcburi şəkildə gətirilmə haqqında qərar qəbul olunacaq.

Daha sonra Ə. Zeynallı həbs olunan zaman iki mobil telefonun götürüldüyünü və bu günə kimi qaytarılmadığını bildirib. Dövlət ittihamçısı Ramazan Hadıyev isə bildirib ki, cinayət işində telefonlarla bağlı protokol yoxdur. Ə. Zeynallı deyib ki, telefonlar tapılmayana qədər məhkəmə prosesi davam etdirilə bilməz. O, əvvəlki proseslər zamanı dövlət ittihamını müdafiə edən prokuror Vüsal Orucovun mayın 31-də prosesdə iştirak etdiyini, lakin həmin gün işindən azad olunduğunu deyib: “Baş Prokurorluq açıqlama yayıb ki, həmin şəxs mayın 31-də tutduğu vəzifəsindən və prokurorluq orqanlarından xaric olunub. Həmin gün o, prosesdə dövlət ittihamını necə müdafiə edə bilərdi?”

Ramazan Hadıyev isə bildirib ki, həmin şəxs günün sonunda baş prokuror Zakir Qaralovun əmri ilə işdən azad olunub: “Siz keçən proses zamanı da Vüsal Orucovun barəsində yanlış məlumatlar səsləndirdiniz. Mən bir daha bildirirəm ki, Vüsal Orucov həbs olunmayıb, azadlıqdadır. O, vəhhabi deyil, işindən azad olunmasının səbəblərinin isə sizə aidiyyəti yoxdur.”

Proses iyunun 20-də davam etdiriləcək.

Qeyd edək ki, Ə. Zeynallı ötən il oktyabrın 28-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 311.3.3 və 311.3.4-cü maddələri ilə cinayət işi başlanıb, barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR