Nazir: “Azərbaycan daxili işlər orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması polisin işinin keyfiyyətinə müsbət təsir göstərir”

Nazir: “Azərbaycan daxili işlər orqanlarına işə qəbulun müsabiqə yolu ilə aparılması polisin işinin keyfiyyətinə müsbət təsir göstərir”
# 15 iyun 2012 09:03 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

Kadrların müsabiqə yolu ilə işə qəbulunun Daxili İşlər Nazirliyində ciddi tətbiq olunduğunu deyən nazirin fikrincə, bu, problemin həlli üçün düzgün vasitədir: «Polisə qəbulun aşkarlıq şəraitində keçirilməsi vətəndaşlar tərəfindən müsbət qiymətləndirilir. Daxili işlər orqanlarına işə qəbul olunmuş sıravi polis nəfərindən tutmuş zabit heyətinə qədər hamısında bu üsul həyata keçirilir. Gələcəkdə də belə olacaq».

Qeyd edək ki, 15 İyun - Qurtuluş Günü münasibətilə bu gün Daxili İşlər Nazirliyinin əməkdaşları Fəxri xiyabanda prezident Heydər Əliyevin məzarını ziyarət edib.

R. Usubov jurnalistlərə açıqlamasında bildirib ki, Naxçıvandan Bakıya gələn H. Əliyev Azərbaycanın müstəqilliyini yox olmaqdan xilas edib: «Baxmayaraq ki, biz 1991-ci ildə müstəqillik qazanmışdıq, amma onu 1993-cü ilin may-iyun aylarında itirmək təhlükəsi ilə real üzləşmişdik. Heydər Əliyevin gördüyü tədbirlər nəticəsində ölkədə ictimai-siyasi vəziyyət sabitləşdi, kriminogen durum nəzarət altına alındı. Onun rəhbərliyi ilə Azərbaycanda inkişaf başladı. İstərdim, gənclərimiz bilsin ki, Azərbaycanda bu qurtuluş, əmin-amanlıq nə qədər əzab-əziyyət hesabına başa gəlib».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR