İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə bu ilin 6 ayı ərzində 61 müraciət daxil olub

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinə bu ilin 6 ayı ərzində 61 müraciət daxil olub
# 20 iyun 2012 10:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 2012-ci ilin 6 ayı müddətinə daxil olan şikayətlərlə bağlı hesabat hazırlayıb. Komitə sədri Elçin Behbudovun APA-ya verdiyi məlumata görə, qeyri-insani rəftar və işgəncə faktı ilə bağlı 6 ay ərzində komitəyə 61 şikayət daxil olub. Şikayətlərdən 3-ü qadınlar, qalanları isə kişilər tərəfindən edilib: “Müraciətlərdən biri Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavinindən, biri Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsindən, digərləri isə polis orqanlarından, Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən və Sumqayıt şəhər Nəqliyyat Departamentinin əməkdaşlarından olub. Biz müraciət edənlərin istəyinə uyğun olaraq şikayətləri dövlət orqanlarına göndərmişik. Bəzi hallarda fakt üzrə inzibati cəza verilib, bəziləri ilə bağlı isə cavab gəlib ki, fakt öz təsdiqini tapmayıb”.

E. Behbudov monitorinqlərin keçirilməsinə şərait yaratdıqları üçün Daxili İşlər, Milli Təhlükəsizlik, Müdafiə, Səhiyyə, Təhsil nazirliklərinin rəhbərlərinə təşəkkür etdiyini deyib: “Ədliyyə Nazirliyi Penitensiar Xidmət isə bizimlə əməkdaşlıq etmir. Biz bunu işgəncə faktının gizlədilməsi kimi qiymətləndiririk. Bu məsələ də hesabatda əks olunub ”.

Komitə sədri hesabatın ATƏT, Avropa Şurası, BMT-yə, digər beynəlxalq təşkilatlara göndəriləcəyini deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR