Əli Hüseynli: “Azərbaycanda məhkəmə hüquq islahatları kifayət qədər uğurla gedir”

Əli Hüseynli: “Azərbaycanda məhkəmə hüquq islahatları kifayət qədər uğurla gedir”
# 23 iyun 2012 09:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Biz Avropa hüquq sisteminin üzvüyük və milli məhkəmələrin buraxdığı hər hansı səhvə və yanlışlığa görə sonradan İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət olunur. Bu instansiyada isə biz uduzuruqsa, dövlət ya kompensasiya ödəməli, ya da məsələ başqa formada həll edilməlidir. Bizim məhkəmə sistemi üçün bu məqam çox əhəmiyyətlidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Hüquqşünaslar Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

O, Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbində İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının müzakirəyə çıxarılmasını əhəmiyyətli hesab edərək bildirib ki, Azərbaycanda məhkəmə hüquq islahatları kifayət qədər uğurla gedir: “Azərbaycan bu istiqamətdə müəyyən yol keçib, yaxşı nailiyyətlər əldə edib. Amma görüləcək işlər də var. Hazırda qanunvericilik bazası da təkmilləşdirilir”.

Ə. Hüseynli deyib ki, həm Məhkəmə Hüquq Şurası, həm də Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının tətbiqinə ciddi əhəmiyyət verir: “Təqdirəlayiq haldır ki, son illər hakimlərimiz bu konvensiyanı və Avropa məhkəməsinin president hüququnu tətbiq edirlər. Məhkəmə qərarlarını oxuduqda bunu görmək olar. Bunu tətbiq etməklə milli qanunvericilikdə bəzən mövcud olan boşluqları da həll etmiş olurlar. Beləliklə, digər beynəlxalq institutların mexanizmlərinə müraciət etməyə ehtiyac qalmır. Əgər hakim tərəfindən bu Konvensiya və məhkəmənin president hüququ tətbiq olunubsa, problem milli məhkəmə səviyyəsində həllini tapmış olur. Eyni zamanda İnsan Haqları üzrə Avropa Məhkəməsinə gedən şikayətlərin də sayı bir növ azalmış olur. Çünki problem milli məhkəmə səviyyəsində həll olunur. Bu da əhəmiyyətli haldır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR