Bakıda Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbi keçirilir

Bakıda Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbi keçirilir
# 23 iyun 2012 10:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakıda Məhkəmə Hakimləri və Hüquqşünaslar üçün Yay Məktəbi başlayıb.

APA-nın məlumatına görə, yay məktəbi Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK), Ədliyyə Nazirliyi və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı keçirilir. Tədbir İnsan Hüquq və Azadlıqları haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinə həsr olunub.

Yay məktəbində 18 hakim və 14 hüquqşünas iştirak edir. Dörd gün davam edəcək yay məktəbində AHK sədri, millət vəkili Əli Hüseynli, Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov, Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov, Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlıq Fondunun nümayəndəsi Mayke Ruhlig, “ABA CELLİ”nin Azərbaycandakı nümayəndəliyindən Michelle Brady açılış nitqi ilə çıxış edib.

Ə. Hüseynli tədbirin əhəmiyyəti haqda danışaraq, bildirib ki, ölkənin inkişafı məhkəmə-hüquq islahatlarını zəruri edir: “Eyni zamanda Azərbaycan Avropa məkanındadır, buna görə də hakimlərimizin müvafiq konvensiyaları bilməsi vacibdir. Bu istiqamətdə bizə beynəlxalq partyorlarımız dəstək verir”.

Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin rəis müavini Sübhi Kazımov bildirib ki, Azərbaycan məhkəmə-hüquq sahəsində ciddi infrastruktur və nəzəri islahatlar aparılıb. Vətəndaşların şikayətlərinin baxılması prosesi, o cümlədən hakimlərin iş şəraiti təkmilləşdirilib.

Məhkəmə Hüquq Şurasının aparat rəhbəri Cavid Hüseynov deyib ki, Azərbaycan müasir məhkəmə sistemi 2000-ci ildən fəaliyyətə başlayıb. Bu illər ərzində çox mühüm islahatlar aparılıb.

Bu səpkili yay məktəblərinin əhəmiyyətini vurğulayan Almaniyanın Azərbaycandakı səfirliyinin birinci katibi Florian Pötter Azərbaycanın məhkəmə-hüquq sahəsində qərb dəyərlərinin tətbiqinin sürətləndirilməsinin zəruriliyini qeyd edib.

Sonra tədbir sessiyalarda davam etdirilib.

Qeyd edək ki, 4 gün davam edəcək yay məktəbində tanınmış hüquqşünaslardan, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Azərbaycanın səlahiyyətli nümayəndəsi, AHK İdarə Heyətinin üzvü Çingiz Əsgərov, AHK İdarə Heyətinin üzvü, Milli Məclisin dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurasının İşgəncələrə qarşı Komitəsinin (CPT) sədri Lətif Hüseynov, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi, AHK İdarə heyətinin üzvü Ceyhun Qaracayev, Avropa İttifaqının TACIS layihəsi üzrə hüquqi eksperti Mjriana Visentin, Almaniya Federal Məhkəməsinin təqaüddə olan baş hakimi Otto Mallmann, almaniyalı ekspert vəkillər Stefan von Raumer və Kleine Cosack ekspert qismində məruzə edəcəklər.

Tədbirdə azadlıq və toxunulmazlıq hüququ, azadlıq və toxunulmazlığın ümumi prinsipləri, məhkum etmə barədə təxirə salınmadan məlumat vermək vəzifəsi, həbs qəti imkan tədbiri və prosessual təminatlar mövzulularına da toxunulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR