Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası tərəfindən Çində keçirilən beynəlxalq seminarda iştirak edib

Ədliyyə naziri Fikrət Məmmədov Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası tərəfindən Çində keçirilən beynəlxalq seminarda iştirak edib
# 28 iyun 2012 14:12 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası tərəfindən Çinin Dalian şəhərində beynəlxalq seminar keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminar korrupsiya ilə əldə edilən gəlirlərin qaytarılması və bu sahədə beynəlxalq əməkdaşlığın səmərəliliyinin artırılması kimi məsələlərin müzakirəsinə həsr olunub.

Tədbirdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nazirliyin və Baş Prokurorluğun məsul əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.

Nazir sessiyada çıxış edərək antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığın əhəmiyyətini qeyd edib, korrupsiya ilə əldə edilmiş gəlirlərin qaytarılması işinin mükəmməl əlaqələndirilməsi və təkmilləşdirilməsinə dair təkliflər verib.

Səfər çərçivəsində F. Məmmədovun və Çinin baş prokuroru Çao Cianminqin rəsmi görüşü olub. Ç.Cianminq Çin və Azərbaycan arasında dostluq və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb.

Ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini qeyd edən F. Məmmədov hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün geniş perspektivlərin olduğunu vurğulayıb. Nazir Azərbaycanda bütün dünyada aktual olan korrupsiyaya qarşı geniş və kompleks mübarizə aparıldığını deyib.

Görüşdə həmçinin, qarşılıqlı fəaliyyətin prioritetləri, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər sahələrdə müqavilə-hüquq bazasının daha da təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər zamanı bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşlər keçirilib, səmərəli təcrübə mübadiləsi aparılıb.

Tədbirlərdə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov da iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR